Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.
Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir. Hələlik ölən iki nəfərin adları məlum olub. Belə ki, onlar Qasımov Samir Əzizulla oğlu və Nağıyev Çingiz Xudaverdi oğludur.
Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.