2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq 10 il sonra səbəbi müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır.
İki aya yaxındır ki, meydan bayraqsız qalıb.
Unikal.org bildirir ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov modern.az-a hələlik texniki baxışın yekunlaşmadığını açıqlayıb:
"Hazırda Bayraq Meydanındakı dirəyin üst hissəsi sökülüb. Onun altında olan mexanizm yoxlanılır, alt hissəyə texniki baxış keçirilir".
Qurum rəsmisi təmir-bərpa işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı məlumatsız olduğunu bildirib.
N.Məcidov bayrağın hündürlüyünün artırılması ilə bağlı hər hansı qərar verilmədiyini də qeyd edib.
Qeyd edək ki, "Ginnesin dünya rekordları təşkilatı" 2010-cu il mayın 29-da Azərbaycandakı Dövlət Bayrağı Meydanında bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycanın gerbi, dövlət himninin mətni və xəritə qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Azərbaycandakı bayraq tikilən zaman ən hündür olsa da, sonrakı illərdə Tacikistanda və Səudiyyə Ərəbistanında 165 metr hündürlüyündə bayraq dirəyi hazırlanıb. Ölçülərinə görə, dünyada ən böyük dirəyi olan bayraqların eni 30 metr, uzunluğu 60 metrdir.
Azərbaycan bayrağı isə ölçülərinə görə hələ də 1-ci yerdədir (35 m en, 70 m uzunluq).
Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.