ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin Azərbaycanda toxunan corabların satışını təşkil edərək, özünün şəxsi biznesini qurub.
Unikal.org azertag-a istinadən xəbər verir ki, Teresa Hamlin hazırda Qusar rayonunda yaşayır. Azərbaycana 2002-ci ildə ingilis dili müəllimi kimi işləməyə gəlmiş Teresanın "Azərbaycan corabları (Azerbaijani Socks) şirkəti artıq iki ildir fəaliyyət göstərir.
Teresa Hamlin bildirir ki, ilk dəfə Qusara universitetdə oxuduğu zaman müəllimlik təcrübəsi qazanmaq üçün gəlib. Rayon onun çox xoşuna gəldiyindən iş tapıb həmişəlik burada yaşamaq qərarı verib. Şahdağ Turizm Mərkəzində işə düzələn Teresa yerli adət-ənənələrlə yaxından maraqlanmağa başlayıb. Özünü yarı azərbaycanlı, yarı amerikalı sayan Teresa Hamlin Azərbaycan dilində sərbəst danışır.
O, corab biznesinə təsadüf nəticəsində başlayıb. Belə ki, anası Qusara qonaq gələndə ona ləzgi corabı hədiyyə edib. Minnesota soyuq yer olduğundan corablar amerikalı xanımın işinə çox yarayıb. Hədiyyə corablar vaxt keçdikcə cırılsa da, onları yamayaraq geyinib və Teresadan yenidən corab göndərməsini xahiş edib. "Corablar anamın çox xoşuna gəlmişdi. Fikirləşdim ki, anamın Amerikada seçim imkanı çoxdur. O, geyim üçün nə istəsə ala bilər. Amma bu corablar onun xoşuna gəlibsə, yəqin ki, başqa amerikalıların da xoşu gələcək. Elə də oldu, - deyə Teresa Hamlin bildirib.
Teresa Qusarla yanaşı, digər şimal rayonlarından, eləcə də Gədəbəy və İsmayıllıdan olan toxucu qadınlarla işləyir. O, toxumaq bacarığı olan qadınları ip və digər ləvazimatlarla təmin edir.
Amerikalı sahibkarı bizneslə yanaşı, toxuculuq sənətinin yaşaması da maraqlandırır. Onun sözlərinə görə, indi corab toxuyanların əksəriyyəti yaşlı insanlardır. Gənclər isə bu maraqlı əl işlərini hazırlamağa həvəsli deyillər. Amma gəlir qazanmaq imkanı olanda, onlar da həvəslə corab toxuyacaqlar.
Bu işə başlayanda corabların əsasən turistlər üçün satışını nəzərdə tutan Teresa deyir: "İndi toxunma corabları xarici ölkələrdəki müştərilərə də satıram. Minnesota soyuq yerdir. Orada da bir neçə dükanda corabları satışa qoymuşam. Gələcəkdə corabları Amerikanın başqa ştatlarında da satmaq istəyirəm.
Teresa Hamlin gələcəkdə biznesini genişləndirmək və daha çox toxucu qadını işlə təmin etməyi planlaşdırır.