Bir neçə gün əvvəl Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən şəxslə bağlı xəbər vermişdik. Həmin xəbərdə bildirilirdi ki, mart ayında Bayıl qəsəbəsində yaşayan 16 yaşlı oğlan Mikayıl Useynov küçəsində bir neçə yeniyetməyə qarşı təhqiramiz hərəkətlər edib və həmin uşaqların üstündəki pulu götürdükdən sonra onların üzərinə təbii ehtiyacını yerinə yetirib.
Unikal.org lent.az-a istinadən bildirir ki, 16 yaşlı Orxanın (yazıdakı bütün şəxs adları şərtidir) əməllərindən əziyyət çəkən şəxslərdən biri, Bakı şəhər, Səbail rayonu, Bayıl qəsəbəsi Buxta küçəsində kirayə yaşayan 35 yaşlı Əsmayə İmranova başlarına gələn hadisə ilə bağlı saytımıza müraciət edib və olanları geniş anladıb:
"Oğlumun xəstəliyinin müalicəsi ilə əlaqədar bir nəfərə pul vermişdim və o, məni aldatmışdı. Fevralın 24-də həmin məsələ ilə bağlı polisə müraciət etmişdim və Səbail Rayon Polis İdarəsinə getmişdim. Axşam saat 6 olardı, mənimlə birgə yaşayan kiçik bacım zəng etdi ki, Asiman yoxdur. Tez evə gəldim, gecə saat 12-yə kimi uşağı axtardıq. Oğlum həmin vaxt müəllimin ona verdiyi 8 mart bayramı ilə bağlı dərs tapşırığını internetdən çıxarmaq üçün internet kluba gedibmiş. Orxanın Əliş adlı dostu var, onlar oğlumu "Akapen" deyilən yerdə çənlərin yanına aparıbmışlar. Orada uşağa qarşı seksual xarakterli hərəkətlər ediblər, paltarlarını çıxarıblar. Bu zaman Asimanın ürəyi gedib, atıb palçığın içinə qaçıblar. Uşağı pis vəziyyətdə tapdıq, bədənində göyərtilər vardı. Amma polislər bu məsələyə biganə yanaşdılar. Halbuki bu barədə tədbir görülməsi ilə bağlı ərizə də yazmışdım".
Əsmayə İmranova oğluna qarşı edilmiş təhqiramiz hərəkətlərin daha sonra da davam etdiyini bildirdi və 16 yaşlı Orxanın, eləcə də məhəllənin digər uşaqlarının onun övladını hədələdiyini bildirdi: "Martın 23-də növbəti hadisə baş verdi. Həmin Orxan adlı uşaq tez-tez yaşadığım evə gəlirdi ki, Əliş deyir ki, pul verməsə, onun uşağını oğurlayacam. Hamısı da bir məhəllədə böyüyən, oynayan uşaqlardır. Çərşənbə axşamları yığışıb kabab çəkirdilər, pul yığırdılar. Mən də 15-20 manat verirdim ki, Asiman sən də iştirak et, uşaqlardan geri qalma, qayna-qarış. Sən demə, elə mənim uşağımın pulundan istifadə edirlərmiş. Martın 22-də Asiman gəlib dedi ki, mama, necə olur-olsun 100 manat tap ver mənə. Ayın 23-də isə Asimana Bayıldakı restorandan yemək alıb gətirməsi üçün pul vermişdim. Özündə də babası verən puldan 20 manat varmış. Yolda həmin Orxan yaxınlaşıb və pulqabını Asimanın cibindən götürüb, deyib ki, vermirəm. "Zarafat edirəm" deyərək pulqabından 80 manatı götürüb, qaytarmayıb. Daha sonra uşağı doqquzmərtəbənin yanında çuxur deyilən yerə apararaq ona qarşı iyrənc əməli törədib. Asimanı qorxudub ki, kiməsə desə, anasının, yəni mənim adımı pis çıxaracaq".
Şikayətçinin sözlərinə görə, həmin gün 11 yaşlı Asiman evə gələrkən bütünlüklə sidiyin içində olub: "Asiman evə gələndə başdan-ayağa kimi suyun içində idi. Gördüm ki, əsir, sudoroqası da tutub, ağzından köpük gəlib. Hadisəni mənə danışandan sonra 102-yə zəng etdim. Hələ mənim oğlumu az döymüşdü, qonşunun oğlunu lap pis vəziyyətə salmışdılar. Təsəvvür edin, axırıncı çərşənbə axşamı həmin o qonşunun uşağını kanalizasiya quyusuna atmışdılar. Onun da anası tək qadındır, qorxur, deyir, sabah mənim uşağımın başına daha pis oyun açarlar. Həm də qızı var, ona görə çəkinir. Bütün bunları eləyən Orxana gəlincə, əlində təsbeh gəzir, mənim oğluma deyib ki, 20 manat gətir, sənin adını Bayılda təmizə çıxaracam, yoxsa sənin adını batıracam".
Bir neçə il əvvəl həyat yoldaşından ayrılan, 11 yaşlı oğlu və kiçik bacısı ilə Bayılda kirayə yaşayan qadının sözlərinə görə, martın 23-dəki hadisədən sonra onu bir neçə dəfə hədələyib, təhqir ediblər: "Hadisədən 2-3 gün keçmişdi ki, məni yenə hədələdilər. Gecə saat ikiyə işləmiş Orxanın atası gəlib yaşadığım evin qapısını döydü. Nə qədər səslənsəm də "kimdir?", cavab verən olmadı. Gözlükdən baxanda gördüm ki, həmin şəxsdir və qışqırdım. Əlimdə də ətdoğrayan balta vardı, qışqırdım ki, niyə gəlmisən? Bu dəqiqə 102-yə zəng edəcəm. O isə məni hədələməyə başladı. Daha sonra da zəng edib məni ələ salırdı, mənə deyir ki, sənə kartof-soğan lazımdır? Deyirdi ki, onsuz da sən polisə faizlə işləyirsən. Bütün bunlara baxmayaraq yenə də əl çəkmirlər, keçən dəfə Elton adlı digər uşaq küçədə Asimana deyib ki, anan işverəndir. Orxanın atası isə aprelin 8-də mənə zəng vurub parka çağırırdı. Deyirdi 100 manat da pul verəcəm, ərin də yoxdur. Bax belə təhqir edirlər. Mənə, övladıma bu boyda zərbə vurublar. Qardaşlarıma da deyə bilmirəm, birinin 2, digərinin 3 uşağı var. Bu məsələyə hüquqi qiymət verilməsə, 5-ci günə kimi bir tədbir görülməsə, oğlumu da, özümü də şəhərin mərkəzində yandıracam. Bu qədər haqsızlığa dözə bilmirəm. Əgər vaxtında Əliş barəsində tədbir görülsəydi, bütün bunlar bizim başımıza gəlməzdi".
11 yaşlı Asiman məlum olaylardan sonra hələ də məktəbə getmir. Anası deyir ki, uşağın müalicəsi hələ də davam edir: "Hər həftə psixoloqun yanına aparıram. Amma çox çətindir, neçə dəfə evdən qaçıb, neçə dəfə ülgücü əlindən almışam. Amma hələ də məktəbə gedə, uyğunlaşa bilmir. Mən də hər bir valideyn kimi istəmişəm uşağımı yaxşı böyüdüm. Elə olub ki, evin pulunu verə bilməmişəm oğlumla gecəni parklarda keçirmişəm. "Nizami" metrosundan Bayıla piyada getdiyim günlər olub. 40 qəpik pula görə ki, istəmişəm uşağım yaxşı təhsil alsın, oxusun. Tək qadınam, uşağımı rus bölməsində oxutdururam. Niyə görə mənim əziyyət çəkib böyütdüyüm oğluma qıraqdan kimsə gəlib belə bir zərbə vursun?"