Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində qanvermə aksiyası keçirilir.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, o cümlədən, Allahşükür Paşazadənin ailə üzvləri, oğlu Məhəmməd Paşazadə və qardaşı Cavanşir Paşazadədə iştirak ediblər.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə bildirib ki, qanvermə aksiyaları səhər saat 7-dən başlayıb. İndiyə qədər respublika üzrə 1000-dən artıq insan qan verib.

Z.Əlimirzəyeva, qeyd edib ki, qan verən insanlar əvvəlcədən müayinə olunur, onların qan verib verə bilməyəcəyi müəyyən edilir və ondan sonra insanlardan qan götürülür.

İnstitut direktoru bildirib ki, indiyə qədər qan verən insanlar arasında halı pisləşən olmayıb.

Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.

Ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.

Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur.

12:05

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Unikal.org xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.

Qanvermədə QMİ sədri ilə yanaşı, onun oğlu, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.