Zahid Oruc: "Ermənistanda yaşanan vəziyyət 90-cı illərdə Azərbaycandakı durumu xatırladır".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Unikal.org-a müsahibəsində baş vermiş sonuncu döyüşlərdən sonrakı siyasi vəziyyət, aparılan danışıqlar, Rusiyanın prosesdəki rolu ilə bağlı məqamlara toxunaraq qey edib ki, Rusiyanın 4 günlük müharibədən sonra bütövlükdə təşəbbüsü ələ alması və ATƏT-in Minsk qrupunu neytrallaşdırıb kənara qoyması və real təkliflərlə çıxış etməsi inkar olunmazdır.
 
Millət vəkili ilə müsahibəni təqdim edirik:

-Cəbhədə baş vermiş son döyüşlərdən sonra Rusiya təkliflər səsləndirdi, danışıqlar prosesi davam edir. Hazırki durumda müharibənin yenidən başlaması realdırmı?

-Son 22 il ərzində Azərbaycan hərbi siyasi üstünlüyü heç vaxt öz xeyrinə bu qədər dəyişə bilməmişdi. Etiraf etmək lazımdır ki, bu o qədər də asan deyildi. Çünki torpaq itkisinə məruz qalıb və ərazicən kifayət qədər mühüm strateji yüksəklikləri itirib sonradan sadəcə iqtisadi,siyasi yaxud danışıqlar yolu istəklərini reallaşdıra bilməzsən. Bunun üçün yenə də hərbi vasitələr işə düşməli idi. Bu əlverişli imkan müxtəlif dövrlərdə önə çıxsa da, erməni tərəfinin  təxribatlarının intensivliyi 2 apreldə daha çox özünü biruzə verdi. Azərbaycan Ordusu ən kəskin bir şəkildə ötən illər ərzində Silahlı Qüvvələrinin necə formalaşdığını, hansı yolu keçdiyini, real hərbi əməliyyatlara necə hazırlaşdığını göstərdi. 2 apreldən bu zamana qədər keçən tarix tamam fərqli mənanı daşıyır. Ermənistanda yaşanan vəziyyət 1990-cı illərdə Azərbaycandakı durumu xatırladır. Məlum panikalar, müxtəlif beynəlxalq qurumları ittiham etmək, özlərinə hərbi siyasi müttəfiq axtarışları, hakimiyyəti suçlamaq və .s bizim üçün tanış səhnələrdir. 4 günlük müharibə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gələcəyini bütün hallarda dəyişir. 
 
-Vəziyyət təkrarən silahlı döyüş səviyyəsinə qayıtsın yoxsa bu gün Lavrovun səfəri konteksində həyata keçirilən danışıqlarnanmı davam etdirilsin? 
 
-Bu danışıqları əvvəlki üslubda aparmaq mümkün olmayacaq. Son döyüşlərdə Azərbaycan qazandığı bu uğuru qətiyyən onun əleyhinə olan siyasi şərtlərlə əlindən alınmasına yol verməyəcək. Biz düşünürük ki, qarşıdakı dönəm üçün əsas şərtləri Azərbaycan tərəfinin diktə etməsi imkanları böyükdür. Ermənistan Azərbaycanı məsələni silahlı yolla həll edilməsinə məcbur etsə bu erməni cəmiyyətini bir az da müflisləşdirəcək, onları əsas iqtisadi inkişaf xəttlərindən məhrum edəcək. 

-Rusiyalı siyasi şərhçilər və Kremlə bağlı olmaları iddia edilən siyasi mərkəzlərin son açıqlamalarında 5 rayonun qaytarılması məsələsi gündəmə gətirilib. Bu variant nə dərəcədə doğrudur? Sizcə 5 rayonun qaytarılması işğal altında olan digər ərazilərimizin gələcək taleyini sual altına almırmı?

-Rusiyanın 4 günlük müharibədən sonra bütövlükdə təşəbbüsü ələ alması və ATƏT-in Minsk qrupunu neytrallaşdırıb kənara qoyması və real təkliflərlə çıxış etməsi inkar olunmazdır. Faktiki olaraq Qafqazda əsas siyasi və hərbi qüvvənin hansı dövlətin olduğu bir daha meydana çıxdı. Çünki onun kənarında nə Amerikanın, nə də Avropa dövlətlərinin hərbi qüvvələri yoxdur. Hətta Gürcüstan Qərb alyansının əsas forpostu kimi çıxış etsə də, orada ingilis qoşunlarını biz müşahidə etmirik. Ona görə də Rusiya tərəfindən irəli sürülən təkliflərin həyata keçirilməsi xeyli realdır. İndiki gerçəklikdə hər hansı addımlar atılacaqsa bunu 4 günlük müharibə doğurmuş olacaq. Yoxsa, Azərbaycana sadəcə nəyisə qaytarıb verəsi deyillər. Bu müxtəlif şərtlər daxilində reallaşa bilər. Münaqişənin çözümü o halda baş verəcək ki, burada üçüncü dövlətlər qalib gəlsin. Dağlıq Qarabağın ətrafında olan hər hansı ərazilərin bir hissəsinin qaytarılması fonunda bütövlükdə Azərbayacanın siyasi müstəqilliyinə və süverenliyinə sahib durmaq kimi planların olduğundan danışanlar var. Bunları bütünlükdə inkar etmək də çox çətindir. Faktiki olaraq ortada müəyyən planlar var. Biz Avrasiya İqtisadi birliyinə üzvlüyü, Kollektiv Təhlükəsizlik müqaviləsində iştirakı nəzərdə tutmuruq. Bu qurumları şeytan qiyafəsində təqdim etmək doğru deyil. Gördüyünüz kimi həmin qurumlarda təmsil olunan Qazaxıstan kəskin şəkildə İrəvandakı tədbirdə öz mövqeyini ortaya qoyur, yaxud Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli formada münasibətlərini gerçəkləşdirir.  Bundan başqa Belarus azad şəkildə İslam Əməkdaşlıq Təşkilatının Türkiyədəki tədbirinə qatılır. Yəni burada müstəqilliyi buxovlayan əlahiddə mexanizmlər yoxdur. Ancaq belə yanaşma olar ki, Qarabağ bir çox dairələrin həm Rusiyanın, həm Qərb dövlətlərinin əsas dayaq mərkəzi kimi hədəfindədir. Biz bu ərazini ermənilərdən azad edib üçüncü bir dövlətə verməyə heç vaxt razı ola bilmərik. 4 günlük muharibə sübut etdi ki,  Dağlıq Qarabağın canı 7 rayondadır. İnzibati ərazi baxımından Dağlıq Qarbağın ümumi miqyası 4.38 min kvadrat kilometrdir, 7 rayon isə 13.2 min kv kilometr əraziyə malikdir. Göründüyü kimi 3 dəfə artıq bir ərazidən söhbət gedir. Əhalinin köçkün düşən hissəsini müqayisə etsək 89-cu ilin statistikasına söykənsək Dağlıq Qarabağdan 60 min azərbaycanlı köçkün düşüb. Onun kənarındakı 7 rayondan isə 100 minə qədər insan köçkün düşüb. Belə olan təqdirdə iqtisadi, sosial, infrastruktur baxımdan Şuşanı, Xankəndini əhatəsində qoymaq baxımından bu ərazilər Azərbaycanın ya siyasi-informativ, ya da hərbi hücumu ilə azad olunmuş olsa Xankəndində, Şuşada bir güllə atmadan erməniləri təslim etmək və Azərbyacanın Konstitusiyasına uyğunlaşdırmaq mümkün olacaq. Mənim buna şübhəm yoxdur. Bufer zona adı ilə qələmə verilən ərazi real Dağlıq Qarabağ torpaqlarından 3 dəfə artıq ola bilməz. Ermənistanın içində ən anormal düşüncə ilə yaşayan millətçi erməni belə o ərazilərə iddia olunmasına qarşıdır. Bizim başlıca hədəfimizi o təşkil etməlidir ki, ərazilərimizin indiki gerçəklikdə müəyyən hissələrinin azad olunmağı ilə bərabər Qarabağa ərazi bütövlüyümüzü təhdid edən şərtlərlə müstəqilliyə gedən yol tanınmasın. 

-Qeyd etdiyiniz 4 günlük müharibədən sonra bir çox dövlətlərdən dəstək gəldi. Həmin dövlətlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladılar. Ancaq Azərbaycanın silah aldığı, hərbi əməkdaşlıq etdiyi İsrail dövləti məsələ ilə bağlı rəsmi mövqe açıqlamadı.Sizcə bu nə ilə bağlıdır?

-İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını bəyan edib. Bunun çərçivəsində bizim hərbi əlaqələrimiz qurulub. Bütün dövr ərzində həmin ölkənin siyasi rəhbərliyinə daxil olan şəxslər Bakıda səfərdə olublar. Hər zaman beynəlxalq məkanda bu dövlətin təmsilçiləri, eyni zamanda yəhudi lobbi qrupları ilə Azərbaycan arasında yaxşı təmaslar olub. Heç vaxt xüsusi bir konflikt yaşanmayıb. Müxtəlif xarici siyasət məsələlərində də yaxın müttəfiqlik münasibətləri təzahür edib. Belə olan təqdirdə şübhə etmirəm ki, 4 günlük müharibənin 67-ci ildə İsrailin böyük 6 günlük müharibə aparması ilə eyniləşdirənlərin mövqelərində xeyli yaxınlıqlar var. Bunu  Petrosiyan da etiraf etməyə məcbur olmuşdu. Bu gün İsrail dövlətinin idarəçiliyində təmsil olunmayan şəxslər belə, hansı ki, onlar sabiq siyasətçilər qismində çıxış edirlər, onların açıqlamaları təsadüfi deyil. Burada müəyyən bir uzlaşdırılmış mövqelər var. Baş vermiş son döyüşlərdən sonra Azərbaycanın beynəlxalq aləmdə çoxlu müttəfiqlərinin  olduğu meydana çıxdı. Ermənistan hərbi siyasi meydanda tək qaldı. 

Söhbətləşdi: Həsən Babayev