Bir neçə gündür ölkədə internet problemi yaşanır. Sosial şəbəkələrdə insanların şikayətlərindən belə aydın olur ki, problem bütün internet provayderlərində özünü göstərir. Lakin əlaqə saxladığımız provayder şirkətlər iddia edirlər ki, onların fəaliyyətində heç bir dayanma və ya hər hansı bir nasazlıq yoxdur.
Ötən ayın 29-da saat 15:00 radələrində ölkənin internet təminatında və milli resursların fəaliyyətində fasilə yaranmışdı. Lakin Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator- "Delta-Telekom bununla bağlı hər hansı açıqlama vermədi. Elə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də nədənsə susma mövqeyi tutub.
2016-cı ilin noyabr ayında "Delta-Telekom-un Data Mərkəzinin əsas kabellərinin birində tüstüləmə baş vermişdi. Bu hadisədən sonra ölkədə bir neçə dəqiqəlik internet xaosu yaşandı. Problemin sonradan aradan qaldırıldığı bildirilsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu gün də ölkə ərazisində internet problemi aktuallığını itirmir.
Bir məsələ də var ki, internetdə problem yaşansa da, istifadəçi yüksək sürət üçün ödədiyi pulun müqabilində saatlarla aşağı sürətli internetlə təmin olunsa da bunun qarşılığında şikayət edəcəyi yer yoxdur. İstifadəçi hüquqları kobud şəkildə pozulur. Ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir. Misal üçün 30 günlük limitsiz internet tarifi sonuncu gün provayder tərəfindən dayandırılır. İstifadəçidən yenidən internet almaq üçün təkrar ödəniş etmək tələb olunur. Ancaq sürətdə problem yenə də qalır.
İnternet provayderlərindən birində çalışan, lakin adının çəkilməsini istəməyən şəxsdən aldığımız məlumata görə, son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi "Bakinternetin həddindən artıq yüklənilməsidir. Mənbə bildirir ki, özəl şirkətlərin xidməti məhdudlaşdırılır. Səbəb isə "Bakinternetin daha çox qazanc əldə etməsidir: "Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır. Problemi aradan qaldırmaq üçün qurğular yenilənməlidir. Bu istiqamətdə hazırda işlər aparılır. Ancaq əsas çıxış yolu özəl provayderlərin də bazarda normal fəaliyyətini təmin etməkdir.
Həmçinin qeyd olunur ki, problemin yaranmasına səbəb "Delta Telekomda paylama nöqtəsində alternativ yaradılmayıb. Ona görə də hansısa qəza baş verən zaman ya internet birdəfəlik kəsilir, ya da sürəti aşağı düşür. Ölkəyə internetin 80 faizini "Delta-Telekom, 20 faizini isə "Azərtelekom verir.
Bildirilir ki, əslində "Delta-Telekomun paylayıcı nöqtəsi bir deyil, iki olmalıdır. Onlar şəhərin müxtəlif yerlərində quraşdırılmalı və bir-biri ilə əlaqələndirilməlidir. Lakin hələ də belə bir sistem mövcud deyil.
İnternet Forumunun prezidenti Osman Gündüz xeberler.az saytında yazdığı məqalədə bildirib ki, internet probleminin yaşanmasına əsas səbəbi nazirliyin İKT sektorundakı uğursuz tənzimləmələridir: "Ölkənin mobil və telekommunikasiya sektorunda, internet sahəsində ciddi problemlər yaşanır. Artıq rabitənin, internetin dayanıqlılığı ilə bağlı yaranan problemlər adi hala çevrilib. Düşünürəm ki, problemin köklü səbəbləri əsasən İKT sektorundakı tənzimləmə ilə bağlıdır. Son dövrlərdə baş verənlər və müşahidələrimiz göstərir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tənzimləmə ilə bağlı, qayda-qanunların icrası və nəzarətlə bağlı sektorda təsirli addımlar atmaq istəmir və ya bunu bacarmır. Elə hey çalışır ki, nəsə özü xidmət göstərsin, özünün dövlət provayderləri və operatorlarının xətti ilə bazarı əldə saxlasın, aqressiv və konservativ bir siyasət yürüdür.
O.Gündür vəziyyətdən çıxış yolu kimi təklif edib ki, hökumət İKT sektorunda rəqabəti gücləndirmək, bu sektorda inkişafı təmin etmək üçün ciddi addımlar atmalıdır: "Özəl operatorlar və provayderlər üçün dövlətə məxsus rabitə resurslarından, kabel-kanal sistemindən bərabər əsaslarla istifadə imkanları yaradılmalıdır. Mobil bazara yeni operatorların cəlb edilməsi üçün tender elan olunmalıdır.
musavat.com