Bu gün Bakı metrosunda ilk qatarın xəttə çıxmasından 50 il ötür.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yayıb:
"1967-ci ilin 16 oktyabrında Bakı metrosunda ilk qatar xəttə çıxıb. 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı. Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub. Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb.
Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib.