Latviyanın paytaxtı Riqa şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, Belorus Dəmir Yollarının rəisi Vladimir Morozov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, işçi görüşdə Rusiya Dəmir Yolları ASC-nin prezidenti Oleq Belozyorov da iştirak edib.
Tədbirdə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi və digər məsələlər müzakirə edilib.
Qeyd olunub ki, ötən 9 ay ərzində "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu üzrə yükdaşımaların həcmi 21.6% artaraq, 4.7 milyon tonu keçib. Bundan başqa, keçən illə müqayisədə konteyner daşımalarının həcmi 2.4 dəfə artıb. Belə ki, bu dəhliz vasitəsilə 7 mindən çox konteyner mənzil başına çatdırılıb.
Görüş zamanı tərəflər "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu haqda müvafiq protokol imzalanıb.
Qeyd olunub ki, ötən il Rusiyanın "RDY Logistika şirkəti xarici tərəfdaşlarla birgə dəhlizin qərb istiqaməti üzrə test rejimdə Hindistandan Rusiyaya İran və Azərbaycan ərazisiylə konteynerlər göndərib.
Görüş iştirakçılarının fikrincə, bu dəhliz üzrə artım tendensiyasını dəstəkləmək üçün logistik şirkətlərin diqqətini daimi nəqliyyat servislərinin yaradılmasına və bütün tərəfləri qane edən tariflər tətbiq edilməsinə yönəltmək lazımdır. Həmçinin, yüklərin gömrük tərtibatının sadələşdirilmiş prosedurlarla aparılması üçün işlər görülməlidir.
Görüş zamanı logistik zəncir iştirakçılarının (dəmir yollarının, limanların, dəniz yolu daşımaçılarının, gömrük xidmətlərinin) qarşılıqlı əlaqəsinin yaradılmasının vacibliyi qeyd olundu.
Yığıncaqda Avropa, Cənubi Asiya, Fars körfəzi ölkələri, Belarus və Rusiya arasında yük daşımalarının sürətləndirilməsi və ucuzlaşdırılması "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti üzrə birbaşa dəmir yolu bağlantısının yaradılmasıyla bağlıdır. Bunun üçün də dəhlizin son çatışmayan halqası - Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi lazımdır.