Dünya bazarında dollar məzənnəsini müəyyənləşdirən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu ayın 26-27-də növbəti toplantısını keçirəcək. İclasda uçot dərəcəsinin yenidən artımı müzakirə olunacaq. Bütün dünya ölkələri ilə barəbər, Azərbaycanda da FED-in dolların uçot dərəcəsinin artımı arzu olunan deyil. Bu baş verdiyi an dünya bazarında dollar digər valyuta məzənnələrinə qarşı möhkəmlənməsinə gətirib çıxarır.
Unikal.org xəbər verir ki, bir neçə saat əvvəl ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracağı ilə bağlı "Reuters" agentliyi məlumay yayıb. Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək. İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq. Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov isə FED-in uçot dərəcəsinin əsaslı artımına dair verdiyi proqnoza əməl etməyəcəyini düşünür.
İqtisadçı alim unikal.org-a bunları deyib.
1 faizə kimi təsiri cüzi olacaq…
-Bu barədə xeyli zamandır müzakirələr gedir. FED əslində uçot dərəcəsini artırsa belə, əsaslı artımına dair verdiyi proqnoza əməl etməyəcək. Çünki FED bu il ərzində uçot dərəcəsini 4 dəfə artırmağı planlaşdırırdı. Bütün hallarda FED əgər uçot dərəcəsini 1 faizə qədər artırsa belə, dünyada dolların bahalaşmasına gətirib çıxara bilər. Amma FED-in artımı 1 faizdən az olarsa, o zaman bu, dolların dünya bazarında kəskin möhkəmlənməsinə gətirib çıxarmayacaq.
Bu arzu olunan deyil…
-Azərbaycan üçün FED-in qərarının dolayı təsirləri var. Dünya bazarında dollar möhkəmləndikcə, manata təzyiq artırır. Dollarla yığım halları yüksəlir. Bunun psixoloji təsiri də var. O baxımdan, FED-in uçot "şapka"sını artırması sözsüz ki, manat üçün heç də arzuolunan deyil. Amma Azərbaycanda valyuta məzənnəsi daha çox Mərkəzi Bankın siyasətindən asılı olacaq. Əgər Mərkəzi Bank manat bazasını genişləndirərsə və həmçinin, ölkədə dollarlaşma prosesinin başa çatdığını nəzərə alsaq, dollara tələbat azalacaq. O zaman Mərkəzi Bank koridor daxilində məzənnəni qoruyub saxlaya bilməyəcək və manatın məzənnəsində dəyişiklik olacaq.
Manata təzyiq artacaq…
-Son ay yarımda manatın möhkəmlənməsində əsas şərtlərdən biri ölkədə dollarlaşma prossesinin başa çatmasıdır. Həmçinin, son il yarımda ölkədə manat bazası 2.5 dəfə aşağı düşüb. Bir sözlə, Mərkəzi Bank real sektorun inkişafı üçün manat bazasını genişləndirərsə, digər tərəfdən FED uçot dərəcəsini artırarsa, o zaman dolların möhkəmlənməsi istisna edilmir. Bu, birmənalı şəkildə manata təzyiqin artmasına gətirib çıxara bilər.
Hazırda manat kütləsində müəyyən qədər artım var…
-Son zamanlar manatın möhkəmlənməsinin psixoloji tərəfləri ilə yanaşı, iqtisadi tərəfləri də var. Devalvasiyadan sonra Azərbaycanda banklarda dollarlaşma prossesi çox sürətlə getdi. Hazırda isə banklar artıq öz dollarlarını manata çevirmək məcburiyyətindədirlər. Çünki onlar vergi ödəməli və işçilərə əmək haqqı verməlidirlər. Eyni zamanda, növbəti 6 ayda Azərbaycanda manatın məzənnəsinin stabil qalacağı ilə bağlı proqnozundan sonrada banklarda manat kütləsində müəyyən qədər artımlar var. Artıq günün sonunda bəzi banklar devalvasiyaya görə manatı dollar çevirmirlər.
Amma sözsüz bazara mesajda var…
-Əslində, Mərkəzi Bank ikinci devalvasiyadan sonra xüsusən yaranan gərginliyin qarşısını almadığı üçün nəticədə vətəndaşlarımızın bir qismi manatı dollara çevirdi. Nəticədə bazarda dollar təklifi artdı.
Neftin qiyməti qalxmassa…..
-Güman olunur ki, Mərkəzi Bank manatın indiki vəziyyətini qoruyub saxlamağa çalışacaq. Amma neftin qiyməti qalxmasa, FED uçot dərəcəsini 1 faizdən yuxarı edərsə, o zaman manat ucuzlaşacaq. Mərkəzi Banka koridor daxilində məzənnəni qorumaq heç də asan olmayacaq.
Amid Əyyuboğlu