İranlı Saman Mohtatinin meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.
Unikal.org ARB TV-yə istinadla xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar.
Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, dəstə üzvləri quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib.
Yunus Camallı - Saxlanılan şəxs: "Otağa Ceyhun, mən, Natiq girdik. Gördük ki, qabağımızda adam yatıb. 3-müz də cumduk bunun üstünə. Birimiz ayağını, birimiz ağzını bağladıq. Pərvin də elə belə dayanmışdı. Ev də yadımda qalmışdı".
Natiq Babaverdiyev - Saxlanılan şəxs: "Evi boş bilirdik. Sonra 1 nəfər çıxdı. Onun da əl-qolunu bağladıq. Sinəsinə oturduq 3-müz də. Heç nə çıxmadı. Qayıdıb gələndən sonra bildik ki, ölüb".
Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.
Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Saxlanılan şəxs: "Kürdəmirdəki hadisəni də biz etmişik. Yaşlı kişi və qadın idi. Qızılları götürdük. Natiq apardı satdı. 2900 manat adama pul düşüb".
Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P. Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində R. Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub.
Rəşidə Seydiyeva: "Maşınla rayona getdik. Dedi ki, evi göstər. Bibimgilə də 2 giriş var. Həmişə arxa balaca qapıdan girib-çıxmışıq. Dedim dəqiq bilmirəm dəyişilib. Bunun yerinə olub balaca taxta qapı".
Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.