2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 200 milyon manat vəsait nəzərdə tutulub.
Unikal.org-un modern.az-a istinadən məlumatına görə, bu,"2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
2018-ci il dövlət büdcəsində dövlət büdcəsinin Ehtiyat Fondu üçün 100 milyon manat vəsait nəzərdə tutulub. Bu da əvvəlki ilin səviyyəsindədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
Prezidentinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.