Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri başa çatıb.
Unikal.org anspress-ə istinadən məlumatına görə, Lavrovun bu səfəri digərlərindən fərqli olaraq etirazlarla və gərgin danışıqlarla  müşayiət olunub.

Səfərdən əvvəl ermənilər az qala Sergey Lavrovu "düşmən"  kimi qələmə verirdilər. Ermənistan mətbuatında hər iki məqalədən birində Lavrova və onun Qarabağa aid planlarına qarşı sətirlər öz əksini tapırdı. Həmçinin, səfər ərəfəsində uzun illərdir ki, müzakirə olunmayan Kazan sənədləri gündəmə gəldi.

Səfərdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova açıqlama verdi ki, Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir.  Həmçinin, bu gün Rusiya mətbuatında Lavrov İrəvana əliboş getməməsi və Sarkisyanla gərgin görüşlər keçirdiyi  barədə məqalələr dərc edilib.  

 "Kommersant" qəzeti yazır ki, Lavrov özü ilə hansısa bir sənəd aparıb və sənəd "Madrid prinsipləri"indən kəskin fərqlənmir.   
Görüşlər zamanı Sergey Lavrov uzun illərdir ki, səsləndirilən fikiri yenə təkrar etdi. O bildirdi ki, münaqişənin həlli üçün Azərbaycan və Ermənistan tərəfi razılığa gəlməlidir.Səfərin nəticələrini şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirib ki, bu səfərdən sonra nəyinsə dəyişəcəyinə ümid etmək olmaz.

Onun sözlərinə görə, səfərdən əvvəl Kazan sənədi müzakirə olunurdu. "Azərbaycan bu sənədlə Dağlıq Qarabağa öz tərkibində yüksək status verilərsə, razılaşdırıla bilər. Amma  Lavrovun səfəri zamanı verilən bəyanatlardan sonra məlum oldu ki, ortada konkret yeni təkliflər yoxdur. Bütün təkliflər əvvəldən müzakirə olunanlardır. Rusiya Ermənistan əhalisinin etirazlarından qorxurdu.  Rəsmi Moskva İrəvanı sakiltləşdirmək istədi", - deyə Qabil Hüseynli bildirdi. 
Onun sözlərinə görə, münaqişənin həllində Rusiya oynayır. Politoloq bildirdi ki, əgər rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsini həll etmək istəsə, Ermənistanı yola gətirə bilər. "Rusiya Ermənistan rəbərliyini danışıqlar masasına əyləşdirmək üçün İrəvana silah satışını dayandırmalıdır. O zaman Ermənistan məcbur olub danışıqlara can atacaq. Amma belə səfərlər münaqişənin həllinə o qədər də təsir etməyəcək",-deyə politoloq bildirdi.Sergey Lavrovun səfəri Ermənistanda kəskin etirazlarla qarşılansa da, münaqişənin həllinə təsir edəcək bir nəticə əldə olunmadı.

Lavrov sanki Türkiyənin Azərbaycana verdiyi dəstəyə cavab olaraq İrəvana getmişdi. Ötən gün Ermənistanlı həmkarı ilə  mətbuat konfransı keçirən Rusiya rəsmisi çıxışının ən kəskin cümlələrini münaqişənin həllini uzadan İrəvana qarşı deyil, Ankaraya tərəf yönəltdi. Erməni jurnalistin dördgünlük müharibədə Türkiyənin Azərbaycanı dəstəkləməsinə dair sualına cavab verən Lavrov Türkiyənin bəyanatının qəbuledilməz olduğunu deyib.

"Hesab edirəm ki, Türkiyə hökumətinin bu fikirləri düzgün deyil, çünki bu, sülhə deyil, müharibəyə çağırış idi", - deyə Lavrov bildirib.
Lavrov suala bu formada cavab verməklə bərabər digər addımları ilə də İrəvana  Qarabağ üçün  deyil, Türkiyə üçün gəldiyi mesajini verdi. Çünki o, təntənəli formada qondarma erməni  soyqırım abidəsini ziyarət  etməklə yanaşı,  hazırda Türkiyə ərazisində yerləşən və Ermənistanın iddia etdiyi Ağrı dağının şəkilini çəkib sosial şəbəkələrdə paylaşdı.  Amma  hələ ki, səfərdən qabaq hay-küylə Ermənistan və Rusiya mətbuatda tirajlanan "Lavrov planının" ilə bağlı sual açıq qalır. 
Amma cəbhədə baş verən son hadisələrdən sonra Lavrovun İrəvan səfəri, hardasa, münaqişənin sülh yolu ilə həll ediləcəyi ümidini artırırdı. Səfərdən heç olmasa prezidentlərin görüşü ilə bağlı konkret razılıq əldə oluna bilərdi. Amma hələ ki, siyasi münaqişə davam etdiyi üçün görüş barədə heç bir nəticə əldə olunmadı. Həmçinin Sarkisyan və Lavrov bəyanatlarında bildirdilər ki, münaqişənin həllinə ATƏT-in Minsk qrupunun alternativi ola bilməz. Yəni bundan sonra da 2-3 aydan bir Minsk qrupunun həmsədrləri regiona səfər etməyə gələcəklər. Amma görüşlərdə yeni bir təklif o idi ki, ATƏT-in sədri kimi Almaniya münaqişənin həllində fəallıq göstərməlidir. Nəticə olmasa da "İzvestiya" qəzeti yazır ki, müzakirələr gərgin keçib və Qarabağ  mövzusu Ermənistan əhalisi üçün də əhəmiyyətlidir. Qəzet əhali arasında Rusiyaya qarşı narazılığın olduğunu yazır. Onlar düşünür ki, Rusiyanın Ermənistanda iki hərbi bazasının (Gümrüdəki 102-ci baza və İrəvanın Erebuni rayonundakı aviasiya bazası) olmasına baxmayaraq cəbhədə vəziyyət gərginləşəndə rəsmi Moskva köməklik göstərmədi. Amma bütün bu etirazlara baxmayaraq Ermənistan və Rusiya rəhbərliyi müttəfiq olduqlarını bir daha sübut etməyə çalışdılar. 

Bəzi məlumatlara görə,  Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana müasir silahların göndərilməsini tezləşdirməsi məsələləri də müzakirə olunub.  Silahların göndərilməsinə yaxın günlərdə başlanıla bilər.

Çətin ki, Serj Sarkisyan bu silahları əldə etdikdən sonra danışıqlar masasına asanlıqla otura bilsin. Çünki Ermənistan üçün hazırki status-kvonu saxlamaq sərf edir. Hazırki vəziyyətdə yenə həm Azərbaycan torpaqları işğal altında qalır, həm də Ermənistan öz müttəfiqinin hesabına hərbi gücünü artırır.