Ötən əsrin yetmişinci illərində bir sosial eksperiment çərçivəsində siçovulların populyasiyası üçün cənnət şəraiti yaradılır: bol qida və su ehtiyatı, yırtıcıların və xəstəliklərin yoxluğu, nəslin artımı üçün geniş məkan. Ancaq nəticə gözlənilənlərin əksinə olur, siçovullar qırılır. Niyə belə olmuşdu? Bəşəriyyət bu təcrübədən hansı dərsləri öyrənə bilər?
Unikal.org "Kainat-25" adlı təcrübə barədə yazını təqdim edir.
1. Amerikalı etoloq-alim Con Kelhun ötən əsrin 60-70-ci illərində bir sıra təcrübələr həyata keçirmişdi. O, təcrübə obyekti kimi hər dəfə kəsəyənləri seçsə də məqsəd təbii ki, bəşəriyyətin gələcəyini araşdırıb-öyrənmək idi.
Kəsəyən koloniyaları üzərində çoxsaylı təcrübələr nəticəsində Kelhun "davranış çanağı" adlı yeni termin müəyyənləşdirir ki, bu da əhalinin sıxlığının artması zamanı yaranan destruktiv və deviant davranışları özündə birləşdirir.
Kelhunun araşdırmaları Qərbdə böyük rezonans yaratdı.
2. Kelhun gələcək barədə düşünməyə vadar edən ən məşhur eksperimentini 1972-ci ildə Psixi Sağlamlıq Milli İnstitutu ilə birgə keçirmişdi. "Kainat-25" adlanan eksperimentin məqsədi populyasiyanın sıxlığının kəsəyənlərin davranışlarına təsirini öyrənmək idi. Kelhun bu məqsədlə laboratoriya şəraitində kəsəyənlər üçün cənnət yaradır. Bunun üçün ikinin-ikiyə, metr yarım hündürlüyündə xüsusi çən hazırlanır. Çəndə siçovullar üçün daim münasib temperatur (+20 °C ), su və qida vardı. Dişilərdən ötrü çoxsaylı yuvalar yaradılmışdı. Çən hər həftə təmizlənir, xəstəlik və yırtıcılardan mühafizə olunurdu. Kəsəyənlər baytar nəzarəti altında saxlanılırdılar.
Sistem elə təchiz olunmuşdu ki, 9500 siçovul heç bir diskomfort yaşamadan eyni anda qidalana bilər, 6144 siçovul isə heç bir narahatçılıq yaşamadan su içə bilər. Siçovullar üçün yer kifayət qədər idi, sayları yalnız 3840-a çatandan sonra çəndə qapalı yer (yuva) problemi yarana bilərdi. Ancaq çəndəki siçovulların sayı heç zaman 2200-ü keçmədi.
3. Eksperiment çənə dörd cüt sağlam siçovulun buraxılması ilə başladı. Belə münbit şəraitdə heyvanlar sürətlə çoxalırdılar. Uyğunlaşma dövrünü Kelhun A fazası adlandırır. İlk siçovulların doğulması ilə ikinci B fazası başlayır. Bu mərhələdə siçovulların sayı hər 55 gündən bir ikiqat artırdı.
Eksperimentin aparılmasının 315-ci günündən sonra populyasiyanın tempi nəzərəçarpacaq dərəcədə düşür, indi onların sayı hər 145 gündə artırdı. Bu artıq C fazası sayılırdı. Bu fazada çəndə 600 siçovul yaşayırdı. Bu faza vaxtı artıq siçovulların arasında sosial həyat müəyyənləşmiş, iyerarxiya yaranmışdı. Fiziki cəhətdən yer əvvəlkinə baxanda azlıq təşkil edirdi.
4. Siçovullar arasında "səfillər" adlı kateqoriya meydana gəlmişdi. Onlar çənin mərkəz hissəsinə qovulur və adətən aqressiya qurbanına çevrilirdilər. Dişlənmiş quyruqlara, yolunmuş tüklərə, dəridəki qan izlərinə əsasən "səfillər"i asanlıqla müəyyən etmək olurdu. "Səfillər" adətən iyerarxiyada özünə sosial rol seçə bilməmiş cavan siçovulların arasından çıxırdı. Uyğun sosial rolun olmaması problemi onunla əlaqədar idi ki, çəndəki ideal şəraitə görə siçovullar uzun yaşayırdılar. Qoca siçovullar isə cavan kəsəyənlər üçün yerləri boşaltmırdılar. Buna görə də yeni nəsil siçovullara qarşı tez-tez aqressiv münasibət sərgilənirdi.
Qovulduqdan sonra erkək siçovullar psixoloji cəhətdən sınırlar. Aqressivlik nümayiş etdirmir, boğaz dişi siçovullarını qorumaqdan və sosial rollarını yerinə yetirməkdən imtina edirlər. Halbuki adətən "səfillər"dən birinə və ya başqa bir siçovula hücum edirdilər.
Doğmağa hazırlaşan dişilər getdikcə əsəbi olurdular. Belə ki, erkəklərin arasında passivliyin artması nəticəsində onlar təsadüfi hücumların qurbanı olurdular. Nəticədə dişilər balalarını qorumaq üçün daha çox aqressiya nümayiş etdirməyə tez-tez boğuşmağa məcbur olurdular. Ancaq bu aqresiyya təkcə ətraf mühitə qarşı deyil, balalarına qarşı da yönəlirdi. Öz övladlarını öldürən dişilər çənin yuxarı hissələrində yerləşən yuvalara çıxır, aqressiv səfilə çevrilir və çoxalmaqdan imtina edirdilər. Nəticədə doğuşun səviyyəsi düşür, körpə heyvanların ölümü isə əhəmiyyətli dərəcədə artır.
Tezliklə siçovul cənnətinin sonuncu D fazası və ya ölüm fazası başlayır. Onu Con Kelhun belə adlandırırdı. Bu mərhələ "gözəllər" adlı yeni kateqoriya siçovulların üzə çıxması ilə simvolizə olunurdu. Bu kateqoriyaya növ üçün xarakterik olan davranış göstərməyən, ərazi və dişi siçovul uğrunda mübarizə aparmaqdan imtina edən, cütləşmək istəməyən, passiv həyat tərzinə meylli erkək siçovullar daxil idi. "Gözəllər" konfliktlərdən qaçır, istənilən sosial funksiyanı həyata keçirməkdən imtina edir, ancaq yeyir, içir, yatır və öz dərilərini təmizləyirdilər. Həmin siçovullar "gözəllər" adı ona görə almışdılar çəndəki əksər siçovullardan fərqli olaraq onların bədənlərində amansız döyüş izləri, çapıqlar, yoluq tüklər yox idi. Onlar öz narsizmləri və xudbinlikləri ilə seçilirdilər.
"Gözəllər"də cütləşmə və çoxalma istəyinin olmaması araşdırmaçıları da heyrətləndirir. Çəndə yeni doğulan siçovulların sonuncu dalğasının içində "gözəllər" və doğmaqdan imtina edib yuxarı yuvalara qaçan tənha dişilər çoxluq təşkil edirdilər.
5. Siçovul cənnətinin mövcudluğunun sonuncu mərhələsində orta yaş həddi 776 gün təşkil edirdi. Bu da repreduktiv yaşın yuxarı sərhədini 200 gün üstələyir. Yeni doğulmuş siçovulların ölümü yüz faiz təşkil edir, boğaz qalan siçovulların sayı əhəmiyyətli dərəcədə azalır, tezliklə isə sıfra düşür. Nəsli kəsilmiş siçovullar homoseksuallıq edir, izaholunmaz dərəcədə aqressiv davranış göstərir. Yemək-içmək bolluğunun olduğu bir şəraitdə siçovullar arasında kannibalizm geniş yayılır, dişilər balalarını yetişdirməkdən imtina edir, onları öldürürdülər. Siçovulların nəsli sürətlə kəsilməyə başlayır və təcrübənin 1780-ci günündə "siçovul cənnəti"nin sonuncu sakini də ölür.
Bu fəlakətin baş verəcəyini əvvəlcədən bilən C. Kelhun ölüm fazasının üçüncü mərhələsində həmkarı doktor H. Mardenin köməyi ilə bir sıra təcrübələr həyata keçirir. Siçovullardan ibarət bir neçə qrup çəndən götürülərək eyni dərəcədə ideal vəziyyətdə təchiz olunmuş başqa bir çənə salınırlar. Yeni çəndə də heç bir yer məhdudiyyəti olmur. İlk dörd cütlük üçün yaradılan şəraitin eynisi "Gözəllər" və tənha dişilər üçün də yaradılsa da onlar öz davranışlarını dəyişmirlər. Yeni çəndəki siçovullar cütləşməkdən, çoxalmaqdan imtina edir, öz sosial rollarını oynamırlar. Artım olmur və siçovullar qocalıqdan ölürlər. Yerləri dəyişdirilmiş siçovul qruplarının hamısında eyni nəticə əldə olunur. Bütün təcrübə siçovulları ideal şəraitdə yaşaya-yaşaya ölürdülər.
6. Con Kelhun təcrübənin nəticələrinə əsasən iki ölüm nəzəriyyəsi yaradır. "Birinci ölüm" - ruhun ölümüdür. "Siçovul cənnəti"nin sosial iyerarxiyasında yeni doğulmuş üzvləri üçün yer tapılmayanda qeyri-məhdud resursların olduğu ideal şəraitdə belə sosial rol çatışmazlığı özünü göstərdi, yaşlı və cavan kəsəyənlər arasında açıq qarşıdurma yarandı, əsassız aqresiyyanın səviyyəsi artdı. Siçovulların sayının artması, heyvanlar arasında sıxlıq yaranması, fiziki kontakt səviyyəsinin çoxalması - Kelhunun fikrincə bütün bunlar ən bəsit davranış meyllərinə malik siçovulların əmələ gəlməsinə şərait yaratdı.
Bu cür ideal dünyada, təhlükəsiz şəraitdə, qida və suyun bol, yırtıcı və xəstəliklərin olmadığı məkanda siçovullar ancaq yeyir, içir, yatır və özlərinə qulluq edirdilər. Dişinin qulluğunda dayanmaq, çoxalmaq və nəslin qayğısına qalmaq, ərazinin və körpələrin mühafizəsi, iyerarxik sosial qruplarda iştirak - bunlar hamısı adi siçovul üçün mürəkkəb davranış modelidir. Psixologiyaları zədələnmiş siçovullar bunlardan imtina edirdilər. Kelhun mürəkkəb davranış modellərindən imtinanı "birinci ölüm" və ya "ruhun ölümü" adlandırırdı. "Birinci ölüm"ün başlamasından sonra fiziki ölüm ("Kelhunun terminologiyasına görə "ikinci ölüm") qaçılmazdır və qısa müddətdə baş verməsi söz konusudur. Siçovulların əksəriyyətinin arasında "birinci ölüm"ün yayılmasına görə hətta "cənnət" yerdə belə koloniyanın qırılması qaçılmazdır.
7. Bir dəfə Kelhundan "gözəllər" qrupunun yaranması səbəbini soruşurlar. Kelhun birbaşa insanla analogiya aparır; onun izahına görə, insanın əsas cizgisi, təbii halı təzyiq, stress və gərginlik altında yaşamaqdır. Mübarizə aparmaqdan imtina edərək dözülməz dərəcədə rahat həyat seçən siçovullar yalnız yemək və yatmaq kimi ən primitiv funksiyalara malik autik "gözəllər"ə çevrilirlər. Onlardan tələb olunan öhdəliklərdən və çətinliklərdən qaçan "gözəllər" prinsipcə bu mürəkkəb və güclü davranışlardan məhrum olmağa başladılar. Kelhun fizioloji həyatı davam etdirmək üçün yalnız ən rutin gündəlik davranışlara malik olan, artıq ruhu ölmüş bir çox müasir kişilərlə paralellər aparır. Bu da kreativliyin, çətinliyin öhdəsindən gəlmək qabiliyyətinin, ən başlıcası isə gərgin vəziyyətdə qalmaq bacarığının itməsində özünü göstərir. Həyatın çətinliklərindən imtina, gərginlikdən qaçmaq, mübarizədən əl çəkmək - bütün bunlar Con Kelhunun terminologiyasına görə "birinci ölüm", ya da ruhun ölümüdür. Ruhun ölümündən sonra bədənin ölümü qaçılmazdır.
Sizdə belə bir sual yarana bilər: Bəs niyə Con Kelhunun eksperimenti "Kainat-25" adlanırdı? Bu siçovullar üçün cənnət yaratmaq istəyən alimin 25-ci cəhdi idi. "Kainat-25" də əvvəlkilər kimi təcrübə obyekti olan bütün siçovulların nəslinin kəsilməsi ilə yekunlaşmışdı.