Bu günlərdə Baş Prokurorluqda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilməsi haqqında məlumat dərc olunub.
Çovdarovun əməllərindən zərər çəkənlər arasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun olduğu da qeyd olunub.
İstintaq orqanlarındakı mənbənin bildirdiyinə görə T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olduğunu deyib.
Unikal.org xəbər verir ki, Modern.az məsələyə münasibət öyrənmək üçün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. Tağı Əhmədov jurnalistin sualını axıra qədər dinləsə də cavab verməkdən imtina edib.
O vurğulayıb ki, haqqında yayılan xəbərlərə münasibət bildirmək istəmir.
Qeyd edək ki, Akif Çovdarovun Tağı Əhmədovdan təhdid və hədə-qorxu yolu ilə 3 milyon manat alması barədə informasiyanı virtualaz.org saytı yayıb.