Ermənistan çoxdan ölkə deyil, bir mafiyanın əlinə keçmiş ərazidir.
… Aprel sarsıntısından sonra Serj Sarkisyan kopiyadan orijinala, yəni əsl mahiyyətinə dönüb. Öz aləmində Ermənistan elə bilir ki, kiməsə təzyiq göstərir. Amma əslində özünü, bütün içərisini, daxili varlığını göstərir. Bir müddət əvvələ kimi oynadığı guya dinc, guya sülhpərvər, guya humanist Ermənistanın əsl formatı üzə çıxdıqca, daha çox ölkə görür ki, Azərbaycan onun əlindən nələr çəkirmiş. Bu insan yığını, bu dövlətəbənzər qurum bir dəfə şahidi olmuşdu ki, siyasətini yalan və mif üzərində qurmaq sonda iflasa gətirib çıxarır.
Yalançının yaddaşı olmaz deyiblər. Bu yalan da unudulub və Sarkisyan yenidən miflər yaratmağa başlayıb. Bir yandan yenidən başlayıb yalan danışmağa ki, hamı ermənilərin tərəfindədir, hamı onları sevir. Bir yandan da ölkədə onsuz da qıcqırmaqda olan ksenofobiyanı altdan-altdan gücləndirir. Yəni Ermənistan aprel hadisələrindən sonra beynəlxalq haqqın tərəfində olan beloruslarla üz-göz oldu. Qazaxıstanla münasibətlər demək olar ki, düşmənçilik həddinə çatdı. Vəziyyət o yerdədir ki, artıq Qazaxıstan millətçiləri və hətta rəsmi hökumət nümayəndələri, ictimai xadimləri artıq adekvat cavab vermək zərurətindən danışır. Qazaxları bu ölkədə yaşayan ermənilərə qarşı çıxmağa çağırır. Ermənistanın şüurunu öz hikkəsi elə tutub ki, o hətta Qazaxıstanda yaşayan ermənilər barədə düşünmür də.
Maraqlıdır: həmişə ümumi ermənilikdən, genosidən, diaspordan danışan Ermənistan indi Ermənistandan kənar erməniləri necə zərbə altına qoyduqlarının fərqində deyil. Ona görə ki, dövlətdə dövlət təfəkkürü yoxdur. Ona görə ki, bura dövlət deyil. Ermənistan çoxdan ölkə deyil, bir mafiyanın əlinə keçmiş ərazidir. Təxribat, ksenofobiya və nifrət ocağını körükləyən toplunun idarə etdiyi qeyri müəyyən yaşayış məntəqəsidir.
Bunu sadə ermənilər də artıq başa düşür. O da heç nəyə baxmadan təyyarəyə minir, uçub gedir və "cəhənnəm olsun Ermənistan" deyir. Və Ermənistan da olur cəhənnəm. Amma onlar azad ola bilmirlər. Yürüdülən siyasət başını götürüb qaçan zavallı sadə erməninin də vəziyyətini pisləşdirir. Belə zavallıların başqa ölkədə rahat yaşamaq imkanlarının qarşısını alır, ona problemlər yaradır. Ermənistan rəhbərliyi öz davranışı ilə Qazaxıstana yolu artıq bağlayıb. Bəs bu bədbəxt erməni Ermənistanın incik saldığı Belarusda bundan sonra necə gedib yaşasın? Və ya Rusiyaya necə pənah aparsın. Axı elə həmin o Rusiya gömrüyündə buna deyəcəklər ki, sən kimsən və hansı üzlə gəlmisən bura?! Bu bir yana: Rusiyada yaşayan 2 milyondan artıq erməni başına hansı çarə qılsın? Bir deyən də yoxdu ki, Ermənistan prezidenti, başa düşürsən neylədiyini? Bəs birdən bayrağı yanmış Rusiya millətçiləri ermənilərə qarşı ayağa qalxsa necə olacaq?!
Ermənilər bir dəfə bütün bunları 80-ci illərin axırında təcrübədən keçirmişdilər. Onda da heç nəyi, heç kimi düşünməmişdilər. Bakıda, Azərbaycanda yaşayan erməniləri nəzərə almadan Qarabağ davası başlamışdılar. Belə belə işlər. Ermənistan yaxın qonşuları ilə düşmən olmuşdu. Sərhədlər iki tərəfdən bağlıdır. Qalmışdı uzaq qonşular. Onlara da çatdılar. Əlbəttə bu, bir yandan çox yaxşıdır. Hamı Ermənistanın iç üzünü görməkdədir. Sarj Sarkissyanın Dmitri Medvedyevə "Evrozes"in İrəvan toplantısının keçirilməməsinin səbəblərindən şikayətini bir daha xatırlayıq:
Onda Medvedyev cavab verməmişdi. Amma indiki şərait həm də cavabdır. Bir az da xırdalayaq. Kömək o oldu ki, Ermənistan əvəzində daha yaxşı tanındı. Adam Qazaxıstana, Belarusa, Rusiyaya ikinci üzünü göstərdi. Azərbaycan da elə bunu sübut edirdi də on illər boyu. Başa salırdı ki, Ermənistan yaxşılığın cavabını pisliklə verir. Ona bel bağlamaq olmaz, tərəfdaş kimi etibarsızdır və sair… Necə ki, indi bunu Rusiya, Qazaxıstan, Belarus öz dərsi ilə hiss edir.
Aprel döyüşlərindən sarsılmış Sarkisyan adekvat olmayan addımlar atır. Belə addımlardan biri də onun Qarabağa gəlib Ermənistan əsgərinə medal paylamasıdır. Bu ona oxşayır ki, Azərbaycan hansısa yaşayış məntəqəsini və ya strateji yüksəkliyi itirəndən sonra öz əsgərinə medal verəydi. Erməni əsgərlərin yüksəklikdən salınmış ali baş komandan qarşısında çalıb oynaması da düşmüş ruhun bir cür birtəhər qaldırılmasına xidmət edir. Belə rəqslərin, oyunların havası bizə acı təcrübəmizdən tanışdır. Onda bizim əsgərlər də məğlubiyyətin acısını ayaqları ilə çıxarardılar.
Azərbaycan ordusu artıq rəqs etmir, ona görə ki, o qalibdir. Ermənilər isə oynamaqlarındadır. Qat kəsmiş, qət təzə formalar geyinmiş bu bədbəxt uşaqlar hansı günlərinə oynadıqlarını bəlkə də bilmirlər və sadacə olaraq onlara başa salıblar ki, ruhu qaldırmaq lazımdır. Baxmayaraq ki, vurulub aşağı salındıqlarını onlar artıq özləri də başa düşürlər. Və bizim yüksəklikləri öz kameraları ilə lentə alırlar…
Beləliklə, qarşımızda iki prezident var. Biri Serj Sarkisyandır. Baxın o bu gün nəylə məşğuldur? Prezidentinə qarşı çıxan vətəndaşlarının tələbləri qarşısında karıxıb qalmaqla, məğlubiyyətdən diqqəti yayındırmaq üçün gah Qarabağda, gah Ermənistanda uduzmuş rəqqas əsgərlərinə ruh medalcıqları paylamaqla, hərbi forma əynində dava-dava oynamaqla, hər bir jesti, hərəkəti ilə müharibəyə hazırlaşdığını nümayiş etdirməklə… Bir gün bu səngərə girib o biri gün başqa səngərdən çıxmaqla. Deməli, səngərdə hər şey qaydasında deyil…
O biri dövlətin rəhbəri isə İlham Əliyevdir. Onun ölkəsində həyat öz dinc və inkişaf məntiqi ilə davam edir. Onun ordusu adi qaydada öz işi ilə məşğuldur.
Tapşırığı yerinə yetirmiş ordunun müdafiə naziri çoxdan Bakıdadır. Çünki onun səngərdə olmasına ehtiyac yoxdur. Deməli bizim səngərdə hər şey qaydasındadır.
Azərbaycanda gəmiçilər gəmi, dəmiryolçular isə dəmir yolundadır. Bakı isə özünün növbəti mötəbər toplantısını qarşılamağa- sivilizasiyalar arası foruma hazırlaşır…
Prezdentin isə qayğıları sadəcə bəşəriyyətlə bağlıdır. Bəs necə onun salamlayacağı sivilizasiyalarası forumda dünya 90 ölkə ilə təmsil olunacaq!