Son zamanlar Azərbaycanda "oğru dünyası, oğru ideyası söhbətləri güclənib. Söhbətlərdən ilhamlanıb qazamatlardan qaçanlar da indi az deyil. Misal üçün, ötən həftə iki çox təhlükəli cinayətkar - "Etibar Haciqabulinski və Əli Ağami Şirvana dəmir yolu ilə "etab edilərkən qəfil yoxa çıxıblar. Caniləri bu yola hansı qüvvə təhrik edib?

Sözsüz, "oğru ideyası söhbəti.

Mövzunun start nöqtəsi başlayır 16 yanvar 2013-cü ildən. Həmin tarixi gün Moskvada "Köhnə fayton restoranının həyətində gör bir kim qətlə yetirilir - "Ded Xasan isimli qanuni oğru" Aslan Usoyan!

Moskva mətbuatı ağzını açıb gözlərini yumur. İki pəncəsini bir ayaqqabıya dirəyir ki, bəs qətlin icraçıları, sifarişçiləri azərbaycanlılardı. Rövşən Lənkəranskinin şəkilləri bütün Rusiya saytlarını bəzəyir o vaxt. Ümumi bir fikir yaranır tezliklə "Ded Xasanın qətli barədə. Bəs guya qocaman avtoriteti o dünyaya gənc azərbaycanlı balası Rövşən göndərib.

***

Əslinə qalsa, bu qətlə Rövşən Lənkəranskinin birbaşa dəxli yoxdur. Ded Xasan kimi "qanuni oğruları hakimiyyət Olimpinə gətirən də, ordan cəhənnəmə itələyən də tək bircə qüvvədi - Kreml bonzaları.


Əgər Kreml hiyləgərcəsinə bu qətli azərbaycanlıların, Rövşənin boynuna atırsa, demək, necə deyərlər, "torbada pişik var. Demək... Demək, rəsmi Kreml "Ded Xasanın əvəzində indi məhz Rövşəni görmək istəyir.

Bəli. Oğru dünyasında hakimiyyət dəyişkənliyi adətən məhz bu cür baş tutur. Dövlət "Ded Xasanı öldürür. Elan edir bəs qətli Rövşən həyata keçirib.

Rövşən kimilər bu vaxt ağıllı olmalı, Kremldən gələn siqnala müsbət cavab verməli, qətli öz boyunlarına götürməlidirlər.

Sonra oğru dünyası öz tacını gətirib verəcək sənə. Əvəzində sən cibindən öz oğru kartlarını çıxarmalısan. Atmalısan qarşındakı alçaq masa üzərinə. Qarşı tərəflə öz yeni oyununa başlamalısan.

Oyun zamanı "oğru ideyasının 7 təməl sütunu daim gözlərinizdə canlanmalıdır: 1. "Oğru ideyasına daimi, fanatik sədaqət. 2. Səmimiyyət. 3. Gəncləri daim ideyaya cəlb etmək. 4. Hüquq-mühafizə işçiləri ilə heç bir əlaqə saxlamamaq. 5. Siyasi fəaliyyətlə məşğul olmamaq. 6. Qazamatlarda, əmək-islah düşərgələrində oğru hakimiyyətini təmin etmək. 7. "İçəridəki oğru mütləq kart oynamağı bacarmalı, özünəməxsus oyun kartlarına mütləq malik olmalıdır.

***

Rövşən Lənkəranskinin cibində belə kartlar olubmu heç? Məncə, hə, olub yəqin ki. "Tuzlar Rövşənə sual versəydi bəs " Qazamatda neynəmisən?, o, həmin suallara bircə hərəkəti ilə cavab verməliydi. Masa üstünə bir dəstə oyun kartını atmalıydı. Ətrafındakıları öz oyununa dəvət etməliydi.

Oxşar oyun kartları məşhur falçılar, el loğmanları arasında da mövcuddur. Deyilənə görə, bu oyun kartları möcüzə yaratmaq qüdrətinə malikdirlər. Xəstəni sağaldıb, dərdlərə əlac tapırlar.

Belə kartlara Avropada, Rusiyada bəzən "Svedeborq kartları deyərlər.

***

İstəyirsən oynadığın oyun kartları sənə uğur, uduş gətirsin, hə? Nəbadə... Bir də deyirəm, nəbadə dükana girib ordan özünə oyun kartı alasan. "Svedoborq kartlarının möcüzəsi orijinallığında, bir də tək nüsxədə olmağındadır.

Oğru kartları da o cümlədən gərək mütləq... hökmən orijinal, tək nüsxədə olsun. Zərgərlərə layiq əl işinə bənzəsin.

Qazamatlarda bu cür oyun kartları adətən "qanuni oğruların dərin cibindən çıxır. Kartlar həqiqətən möcüzəlidir elə bil. Əvvəla, gözəl əl işi nümunəsidirlər. Kənardan baxanı anında hayıl-mayıl edirlər.

***

Oğru qazamatdaykən oyun kartlarını özü yaradır. 36 kartda əvvəlcə 4 əsas rəqibinin şəkillərini təsvir edir. Bu, rəqib "şahlardı. Sonra 4 öz silahdaşının, əslində killerinin şəklini əlavə edir o bu kartlara. Bu, "valetlərdi. Növbədə sonra "sevgili cananlardı - oğruların sevgililəri. Sonuncular da adətən 4 nəfər olurlar.

"Tuzlar gəldikdəysə...bu, qanuni oğruların özüdür. Bir növ "qurdlar vadisidir.

Qazamatdakı dustaqlar, lotunun verdiyi bu kartlarla aralarında günlərlə oyun oynaya bilərlər. Növbəti oğru davası, haqq-həqiqət axtarışları, ağrılı-ağır suallara cavablar... Bəli, bütün bunlara qazamatlarda oyun vasitəsilə cavab axtarılır.

Bir də görürsən qonşu kameralardakı məhbuslar arasında kart oyunu başlayıb günlərlə davam edir.

Məhbəslərdə hər hansı bir sualın cavabı da mütləq kart oyunu vasitəsilə tapılır. Oğru kartları atır masa üzərinə. Mövzunu təyin edir. Sonra ya Allah, uzun-uzadı oyun başlayıb bəzən günlərlə davam edir.

Zindan dilində belə kartlara "pulemyot, bəzən "stos da deyərlər. Kartsız oğru, kartsız kamera öz adını doğrultmur. Belələri adətən ciddiyə alınmır. Adam yerinə qoyulmur.

***

İstəyirsiz biləsiz Ded Xasanın qətli necə həyata keçirilib? Planlaşdırılıb?

Heç nə. 1958-ci ildə baş vermiş bir oxşar əhvalatı yadınıza salın. O zamanlar Nikita Xruşşov həbs düşərgələrindəki bütün qanuni oğruları sındırıb məhv edir. Şəxsiyyətini kiçildir. Oğrular, öz adətlərinə görə, əvvəlcə fikrə dalırlar neynəsinlər bu cəza tədbirlərinə qarşı. Sonra, təbii, öz aralarında kart oyununa start verirlər. Məğlub tərəf ayırd edilincə qarşısında şərt qoyulur-gedin bax bu düşmənimizi qətlə yetirin. Killler öz qurbanının şəklinə baxınca orda SSRİ xalq artisti Maks Bernesi tanıyır. Məlum olur ki, tövbəkar oğru surətini "Gecə patrulu filmində yaratdığına görə o, ümumittifaq oğruları tərəfindən ölümə məhkum edilib.

"Ded Xasanın ölüm ssenarisi buna çox oxşardır. Hadisələrin axarı, dramaturgiyası eynidir. Əvvəlcə Rövşəndən tələb edilir ki, öz kartlarını masa üzərinə atsın.

Sonra dörd qanuni oğru oyuna başlayırlar öz aralarında. İki gün sonra məğlub tərəf təyin edilir. Deyir borcum nədi?

Ortada açıq-aşkar heç kimin adı çəkilmir. Sadəcə, Aslan Usoyanın şəkli atılır ortaya. Borclu vəzifəsini bilib, başını azcana aşağı-yuxarı qaldırıb endirir.

Sonra xəbər gəlir ki, bəs Aslan Usoyanı Moskvanın "Köhnə fayton restoranı qarşısında "Val snayper tüfəngindən açılmış yaylım atəşi ilə qətlə yetiriblər.

Vəssalam. Bu qədər.

Üçcə il sonra Rövşən də oxşar bir ssenari ilə aradan götürülür.(müsavat.com)