Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, bu gündən etibarən Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri 10 gün davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 378 km dəmir yolu əsaslı təmir olunub.