Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Əflatun Qasımov sədrlik edib. Blogerin müdafiəçiləri M.Hüseynovun şüşə qəfəsdən çıxarılaraq onların yanında əyləşdirilməsi, həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər veriblər. Vəsatətlərin sonuncusu təmin edilib.
M.Hüseynova ifadə vermək təklif olunub. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib.
Hakim M.Hüseynova şüşə qəfəsdəki davranışlarına görə xəbərdarlıq edib.
Vəkil Fuad Ağayev çıxış edərək, M.Hüseynov barədə şikayət etmiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, həmçinin bloger saxlanılan zaman həmin ərazidəki kamera görüntülərinin məhkəməyə təqdim edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.