Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirmişdir ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E.Sultanov açıqlamasında həmçinin qeyd edib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.