Kolumbiyanın Kartagena şəhərində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA) 1-ci iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, DGK sədri Aydın Əliyev iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
A.Əliyev ilk olaraq İspaniyanın Gömrük Agentlikləri Assosiasiyasının və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA) prezidenti Antonio Llobet de Pablo ilə görüşüb.
Komitə sədri Azərbaycan gömrüyünün inkişaf yolu, ölkənin gömrük xidmətində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və bu islahatların beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsindəki önəmindən bəhs edib.
A.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan qanunvericiliyində səlahiyyətli iqtisadi operatorlarla (SİO) bağlı müvafiq tənzimləmələr həyata keçirilib və ölkə SİO-ların təşkili və inkişaf etdirilməsində maraqlıdır.
Antonio Llobet de Pablo isə öz növbəsində SİO-ların inkişaf etdirilməsində lazımi dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Görüşdə səlahiyyətli iqtisadi operatorlar institutlarının təşkili və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
DGK sədri eyni zamanda, İspaniyanın "Atletiko Madrid" komandası və Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" futbol komandası arasındakı möhtəşəm oyunlara da toxunaraq sözügedən assosiasiyaların rəhbərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan torpaqarının bir hissəsinin - Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi barədə məlumat verib.
Sonda A.Əliyev üzərində "xarı bülbül" təsviri əks olunan "Qarabağ" adlı qalstuku Antonio Llobet de Pabloya hədiyyə edib.
DGK sədri daha sonra Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyasının (ASAPRA) prezidenti Alfonso Rojas və dünyaca məşhur "Grupo 365" logistika şirkətinin prezidenti Xose Antonio Vidales ilə görüşüb.
Görüşdə logistika və səlahiyyətli iqtisadi operatorlarla bağlı beynəlxalq təcrübə, bu sahədə yeniliklər, müasir tələb və çağırışlar, eləcə də qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.