Asiya İnkişaf Bankı (AİB) enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üçün Azərbaycana gələn il 250 milyon dollar dəyərində daha bir tranşın ayrılmasını istisna etmir.

Unikal.org bildirir ki, bunu Trend-ə Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

Ölkənin enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üzrə bir milyard dollar dəyərində saziş 2015-ci ildə imzalanıb. Sazişə əsasən 750 milyon dolları AİB, 250 milyon dolları hökumət təqdim edir.
N.Mannapbekovun sözlərinə görə, 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabrınadək 250 milyon dollarlıq ilk tranşın həcmində müqavilələr imzalanıb və 32 sublayihə üzrə 108 milyon dollardan çox ödəmələr həyata keçirilib.

Ümumilikdə bank regionda enerji sahəsində 25-ə yaxın layihə həyata keçirir. N.Mannapbekov qeyd edib ki, reallaşdırma baxımından bu, AİB-in ən uğurlu layihəsidir.