Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir. Cari ilin yanvar-oktyabr aylarında sistemdə əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 374 nəfər və ya 9,17 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, beləliklə, 01 noyabr 2017-ci il tarixə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 207 777 nəfər və ya 6,23 faiz artaraq 3 544 689 nəfərə çatıb.

Fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, sığortaolunanlar haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Hər bir işləyən şəxs sistemdə öz fərdi şəxsi hesabını açdırmaqla, həmin hesabda öz pensiya kapitalını toplamaq imkanı əldə edir. Bununla da o, gələcəkdə əmək pensiyası, digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırmış olur.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta münasibətləri sahəsində "Sığortaolunanın onlayn uçota alınması, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi, "Sığortaolunanlara məlumatların verilməsi, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi, "Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması və s. elektron xidmətləri əhalinin istifadəsindədir.

Onlardan "Sığortaolunanlara məlumatların verilməsi e-xidməti vasitəsilə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənə, işəgötürən tərəfindən ona aid sığorta ödənişlərinin ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət edə bilir.