Şəki rayonunda evlərinə basqın olduğunu deyən qadının polisə yalan ifadə verdiyi məlum olub.
Unikal.org xəbər verir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini Məhəmməd Şirinov noyabrın 11-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağladığını, onu öldürəcəyi ilə hədə-qorxu gəldiyini bildirib. Polis hadisə yerinə baxış keçirib və G.Mikayılzadənin əlləri və ayaqları bağlı vəziyyətdə tapıb. Faktla bağlı araşdırmalar başlanılıb.
G.Mikayılzadə istintaqa ifadəsində evlərinə basqına görə rəfiqəsindən şübhələndiyini bildirib. Lakin keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə quramadır, G.Mikayılzadə hadisəni tanışı Zabit Salmanovla qabaqcadan əlbir olaraq səhnələşdirib. Məqsəd isə rəfiqəsindən qisas almaq olub.
Bundan başqa istintaq zamanı o da məlum olub ki, G.Mikayılzadənin oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. O, həmin hadisədə də rəfiqəsini günahlandırıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırma aparır.