AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru, ilahiyyatçı Elvüsal Məmmədov rastaşdığı hadisə ilə bağlı status yazıb. Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Unikal.org ilahiyyatçının qalmaqallı statusunu təqdim edir:
"Bu gün işə gələrkən akademiya binasının sağında yerləşən ağaclıqda iyrənc mənzərənin şahidi oldum. Bir-birinə yaxın iki skamyanın hər birində cütlüklər əyləşib öz aləmlərində idilər. Məni ilk andan dəhşət bürüdü ki, insan həya hissindən nə qədər uzaq olsun ki, başqasının yanında utanıb-qızarmadan, bivecliklə bu işi görsün. Görün bizdə həya hissi, xüsusilə bir çox oğlanlarda o qədər azalıb ki, onlar heç bir narahatlıq keçirmədən qız müqabilləri ilə hamının gözü qarşısında tərbiyəsizlik edirlər. Mənəvi-əxlaqi aşınma olmaqla yanaşı, "girlfrend və boyfrend" xəstəliyinin cəmiyyətdə yayılmağının, özü də heç bir qınaq və müqavimətə rast gəlmədən yayılmağının ağrılı-acılı göstəricisidir bu!
Burada iki məqam var. Birincisi, ya bu oğlanlar həmin qızları əyləncə obyekti seçərək, onlardan ancaq bioloji istəklərinin təmini üçün istifadə edirlər. Çünki qeyrəti olan heç bir oğlan gələcək həyat yoldaşı ilə bu hərəkəti etməz. Ya da cılızlaşma, şəxsiyyətsizləşmə o həddə çatıb ki, oğlan gələcəkdə ailə quracağı qızla o qızın və özünün şərəfini ayaqlar altına atan münasibət formatını seçib. Əslində belələri gədədirlər, cins baxımından kişidirlər, şəxsiyyət və kimlik baxımından kişi adı onlara yaraşımır".