"Təhsil Nazirliyi ölkədə peşə təhsili pilləsinin 3 səviyyəli olmasını və yüksək texniki peşə təhsilinin yaradılmasını təklif edir".
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, peşə təhsili 3 pilləli qurulsun. Bunlar ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili olsun.
F.Mustafayev bildirib ki, yüksək peşə təhsili ali təhsil deyil: "Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Amma peşə təhsilində bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir. Biz bunu dərk edirik və millət vəkillərindən xahiş edirik ki, bu təklifimizi dəstəkləsinlər".
F.Mustafayevin sözlərinə görə, hər hansı şəxs texniki peşə alıb əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər: "Bu, bizim əvvəlki kolleclərin səviyyəsidir. Amma bu təhsil humanitar sahəyə yox, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunması vacib addım olacaq".