"Sumqayıt Texnologiyalar Parkı MMC və "Azərbaycan Mühəndislər Birliyinin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün "Karyera Günü təşkil edilmişdir. Tədbir iştirakçılarına şirkət haqqında geniş məlumatla yanaşı, şirkətin gələcək planları və layihələri barədə məlumat verilib, qısa zaman ərzində xarici bazara çıxmaq planlarının olduğu xüsusilə qeyd edilib.
Unikal.org xəbər verir ki, tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru, tədbirdə iştirak edən 100-dən çox iştirakçıya onlayn müraciət qaydalarını, seçim prosesinin necə həyata keçirildiyini açıqlayıb. Şirkətin İnsan resursları departamentinin digər əməkdaşları tərəfindən işə qəbul prosesi, əmək haqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə, mövcud təcrübə proqramı, vakansiyalar, karyera yüksəlişi və s. haqqında namizədlərə məlumat verilib.
Həmçinin şirkətdə mütəxəssis vəzifəsindən əmək fəaliyyətinə başlamış, hal-hazırda struktur bölmə rəhbəri vəzifəsinə kimi irəliləyən işçilər, STP-də işləməyin fayda və imkanları, karyera inkişafı haqqında məlumat vermiş, fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmış, vakant yerlərə CV-lər qəbul edilmişdir. Öz fəallığı ilə seçilən tədbir iştirakçılarına şirkət adından korporativ hədiyyələr təqdim olunmuşdur. Tədbir, tələbə və məzunların böyük marağına səbəb olmuşdur.
"STP MMC, Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirməkdədir.
"STP MMC, ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəkləndiyi zavodlar kompleksidir. "STP MMC Azərbaycan iqtisadiyyatının davamlı inkişafına öz töhfəsini verən iri miqyaslı istehsalat müəssisələrindən biridir.