Özünü Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub.
Unikal.org xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan apa-ya verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində dələduzluq faktı aşkarlanıb.
Rayonun Muzdurlar kəndində yaşayan qadının evinə gələn naməlum şəxs özünü Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Adının Ələddin olduğunu deyən həmin şəxs ev sahibəsinin oğlu Raminin Rusiyaya girişinə qadağa qoyulduğunu, lakin istədiyi məbləğin ödəniləcəyi təqdirdə həmin qadağanı ləğv etdirəcəyini bildirib. Ev sahibəsinin oğlu isə bir il əvvəl Moskva şəhərində oğurlanmış avtomobilinin tapılması ilə əlaqədar təcili bu ölkəyə getməli olduğundan həmin şəxsə tələb etdiyi 5000 manatı verib.
Moskvada olarkən hüquq-mühafizə orqanlarında Ələddin adlı azərbaycanlının işləmədiyinə əmin olan Ramin sonda aldadıldıqlarını başa düşüb.
Oktyabrın 11-də Raminin anası Goranboy RPŞ-yə müraciət edərək üzləşdiyi dələduzluq hadisəsi barədə məlumat verib.
Araşdırmalarla dələduzluq edən şəxsin Samux rayonunun Ağasıbəyli kənd sakini Ələddin Novruzov olduğu müəyyən edilib, həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.