"Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 13 il ötür. Agentlik 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri hər altı dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.