Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər.
Unikal.org xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar:
"Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Bəyanatda həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Moskvada noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, bu gün isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün keçirildiyi vurğulanır.
Qeyd olunur ki, həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər.
Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.