Əvvəllər toyuğu qazana atıb saatlarla bişməsini gözləyərdik. İndi isə bunun üçün maksimum yarım saat vaxt tələb olunur və istədiyin yemək növünü hazırlaya bilirsən. Ancaq broyler toyuqları ilə ev təsərrüfatında yetişən toyuqların fərqi təkcə yarım saat ərzində bişmələri deyil. Əlbəttə, həmişə deyirik, zaman qızıldır. Ancaq sağlamlığımız ondan da dəyərlidir.
70 yaşı haqlayan Qoxmuq kənd sakini Gülnaz Qarayeva bütün çətinliklərinə baxmayaraq, öz həyətində toyuq cücə yetişdirir. Gündəlik yemək rasionunda hələ də öz həyətinin toyuq cücəsindən istifadə edir. Özü baxıb böyütdüyü toyuqların ətinin dadını heç nəyin əvəz etmədiyini bildirir.
Elə qəhrəmanımızın da dediyi kimi broyler toyuqları tez bişən və yumşaq ətə sahib olsa da təbii toyuq əti ilə müqayisə edilə bilməz. Düzdür, ev təsərrüfatlarında saxlanılan toyuqlardan fərqli olaraq, broylerlərin əti bol, sümüyü isə nazik olur. Eləcə də, qısa müddətdə böyüyərək yeməli vəziyyətə gəlirlər. Broyler təsərrüfatları dünyada ən çox genetik dəyişimə məruz qalan sahələrdən hesab edilir. Əslində toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir. Ancaq broyler toyuqları 5-6 həftəyə 1 kiloqramdan çox çəkiyə sahib olur. Bu toyuqlar az müddətdə böyüdüyü üçün təbii prosesdən kənarda qalmış sayılır. Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tam imtina edə bilmirik. Ancaq bir şeyi unutmayaq ki, sağlamlığımız üçün nəfsimizə qalib gəlməyə dəyər. Yaxud da Gülnaz nənə kimi zəhmətə qatlaşıb, təbii məhsulla ağzımıza dad qata bilərik.