"Kiminsə siyasi fəalları müdafiə etdiyinə görə vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir.
Unikal.org xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Vəkillər Kollegiyası tərəfindən vəkil Yalçın İmanovun fəaliyyətinə xitam verməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda istənilən şəxs mövqeyindən asılı olmayaraq vəkil kimi fəaliyyət göstərə bilər və bu məsələdə hər hansı məhdudiyyət yoxur:
"Kiminsə fəaliyyətinə ciddi səbəb olmadan xitam verilə bilməz. Yəqin ki, bu şəxslər vəkil kimi hansısa qaydaları ciddi surətdə pozduğuna görə və yaxud da üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədiyi üçün xaric edilib.
Başqa cür ola bilməz. Yoxsa, siyasi məhbusu müdafiə etdiyinə görə vəkillik fəaliyyətinə xitam verilməsi mümkün deyil. Yəqin ortada onun fəaliyyətində hansısa ciddi nöqsan olub ki, onun fəaliyyətinə xitam verilib.
S.Novruzov onu da əlavə edib ki, belə şəxslərin fəaliyyətinə xitam verildiyindən, onlar özlərinə bu formada bəraət qazandırmaq istəyir: "Yoxsa, hansısa vəkilin dediyiniz kimi siyasi fəalı və yaxud da resedevisti müdafiə etdiyinə görə fəaliyyətinə xitam verilməsi mümkün deyil. Vəkilin işi müdafiə etməkdi. Bu müxtəlif cür cinayət əməllərində ittiham olunan şəxslər ola bilər. Bir daha təkrar edirəm ki, fəaliyyətində hər hansı ciddi nöqsana yol verməyən şəxsin vəkillik fəaliyyətinə xitam verilə bilməz. Yəqin dediyiniz şəxsin də belə nöqsanları olub və onun barəsində adekvat qərar qəbul edilib.