Xırdalan şəhərində qeyri-rəsmi yaşadığı qadına qarşı cinayət törətməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Anar Muradinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Anar Muradi paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsindəki mənzilə qeydiyyatda olub. Paytaxtda fərdi əməklə məşğul olan Anar Xırdalan şəhər sakini Səbinə Əliyeva ilə sosial şəbəkələrdən birində tanış olub.
Onların münasibətləri istiləşib və qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıblar.
Anar Muradi bir neçə il əvvəl Səbinə Əliyervanın Xırdalan şəhərindəki evinə köçüb. Sonra onlar birlikdə yaşadıqları evi satmaq qərarına gəliblər. Qadının razılığı ilə ev satılıb, pul bölgüsü üstündə isə davaları düşüb.
Onların arasında dava bu il mayın 21-də, təxminən saat 23 radələrində baş verib. Satdıqları mənzilə görə yaranmış mübahisə zamanı Anar Muradi Səbinə Əliyevanı əli ilə vuraraq, ona bədən xəsarəti yetirib.
Məlum olub ki, Səbinə Əliyevanın satdığı mənzilin pulundan Anar Muradiyə heç nə çatmayıb. Anar isə qadından pulun yarısını tələb edib. Qadın ona pul verməyəcəyini deyib. Onların arasında əvvəl mübahisə, daha sonra cinayətlə nəticələnən hadisə baş verib.
Anar Muradi Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Anar Muradi 1 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğvini, təyin olunmuş cəzanın şərti və ya cərimə cəzası ilə əvəz edilməsini xahiş edib.
Anar Muradinin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
Qərara görə, Anar Muradinin apelyasiya şikayəti qismən təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Anar Muradinin cəzasıını 4 ay 6 günə endirilməsi barədə qərar qəbul edib. Yeni təyin edilmiş cəzanı Anar Muradi həbsdə yatdığı müddətlə hesablanıb.
Bu səbəbdən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı 3 saylı İstintaq təcridxanasından həbsdən dərhal azad edilməsi barədə qərar qəbul edilib.