Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, general Z.M.Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq "Şərəf kitabı imzalanıb.
Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğundan, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bu münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə minnətdarlığını bildirən nazir vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonra Pakistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.