Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç sinfinin valideynləri 3 gündür ki, uşaqlarını dərsə göndərmir.
Unikal.org xəbər verir ki, "Qafqazinfo əməkdaşları sözügedən məktəbdə olub və valideynlərin şikayətlərini dinləyib. Məlum olub ki, onlar şagird Sadıqzadə Məhəmmədhəsənin "3E sinfindən "3Ç sinfinə keçirilməsinə etiraz edir.
Valideynlər övladlarının Məhəmmədhəsənlə birgə təhsil almasını istəmir.
Valideyn Ruhiyyə Mövsümova bildirir ki, Məhəmmədhəsən əvvəl "3E sinfində təhsil alıb: "Həmin sinifdə sinif yoldaşlarına qarşı yaxşı davranmadığı üçün valideynlərin şikayəti əsasında bizim uşaqların sinfinə keçirilib. Biz də istəmirik ki, o uşaq bu sinifdə oxusun. Çünki övladlarımızın tərbiyəsini pozur. O, dərsin gedişinə mane olur, şagirdlər üçün təhlükəli vəziyyət yaradır. Bir andaca kimisə yumruqlaya, cırmıqlaya bilər. Çantasında kəsici iti alətlər gəzdirir
Valideynlər həmçinin Məhəmmədhəsənin ata-anası ilə danışa bilmədiklərini vurğulayırlar: "Həmin qadına yaxın getmək olmur. İndi də polisə müraciət edib ki, guya, biz valideynlər ona xəsarət yetirmişik. Səhər polis gəlib bizdən ifadə aldı. Direktor da deyir ki, uşağın o sinifdə oturmaq haqqı var. Biz oturub gözləməliyik ki, sabah uşaqlarımızın başına hansısa hadisə gəlsin?
Uşaq oğlanlara öyrədir ki, gəlin siqarət çəkək. Özüylə dərsə alışqan gətirir və deyir ki, hər yeri yandıracaq. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Muradova "Qafqazinfoya açıqlamasında məsələdən xəbərdar olduqlarını və problemin məktəbdə 3 gündür ki, davam etdiyini qeyd edib: ""3-E sinfinin valideynləri Sadıqzadə Məhəmmədhəsənlə bağlı direktora şikayət edib. Şikayət əsasında direktor şagirdi "3-Ç sinfinə keçirib. İndi də bu sinfin valideynləri şagird gedib dərsdə oturmamış ona etiraz edirlər.
Buna bizim qanun yol vermir. Hansısa nalayiq hərəkətləri etmək üçün zaman lazımdır. Baş İdarə də bu işdən xəbərdardır. Hələ ki sinifdə heç bir hadisə baş verməyib. Ona görə də etiraz edən valideynlər haqsızdırlar.
Müəllim hazırda tək uşağa dərs keçir, qalan şagirdlər dərsə gəlmir. "3-E sinfinin valideynləri şikayətlərində bildirmişdi ki, Məhəmmədhəsən şagird vurub. Direktorla Sadıqzadə Məhəmmədhəsənin valideyni arasında da heç bir sövdələşmə olmayıb.
Sözügedən şagirdin anası da məktəbdə olsa da, o saytımıza açıqlama verməkdən imtina edib və məsələnin polis tərəfindən araşdırıldığını bildirib.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi də "Qafqazinfonun sorğusunu cavablandırıb.
Cavabı olduğu kimi təqdim edirik:
"Bakı şəhəri 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb.
27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə söhbət aparılıb.
Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir.
Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.