Mənzilinizi satmaq və verginin nə qədər təşkil edəcəyini bilmək istəyirsiniz? Bu məqsədlə Vergilər Nazirliyinin rəsmi internet saytında vergiləri hesablayan xüsusi kalkulyator yerləşdirilib.
Mənzilinizin sahəsini və hansı ərazidə yerləşdiyini yazın, vergi məbləğini öyrənin. Kalkulyatora Bakı şəhərinin zonalar üzrə xəritəsi də əlavə edilib ki, hər bir şəxs əmlakının yerləşdiyi ünvanın hansı zonaya aid olduğunu müəyyənləşdirə bilər.
Buunla bağlı ətraflı məlumat:
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması
Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və həmin vergi təqdim edilmə üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutulur. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində isə göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməklə bu verginin ödəyicisi ola bilərlər.
Qeyd olunan məsələ ilə bağlı indiyədək vergi ödəyiciləri, eləcə də vətəndaşlar tərəfindən xidmət mərkəzlərinə, «195-1» Çağrı Mərkəzinə, internet səhifəsinə edilən müraciətlərdən görünür ki, vətəndaşlar arasında ödəməli olduqları sadələşdirilmiş vergi məbləğinin müəyyənləşdirilməsi zamanı əsas sual doğuran hallar vergi dərəcələrinin, rayonlar üzrə əmsalların, Bakı şəhəri üzrə zonaların müəyyən edilməsi ilə bağlıdır. Hər iki vergi növünün hesablanmasında əmlakın sahəsi, onun yaşayış və ya qeyri-yaşayış sahəsi olması, Bakı şəhərində və ya digər şəhər və rayonlarda yerləşməsi (Bakı şəhəri üzrə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş zonalar üzrə müəyyən olunmuş əmsallar tətbiq olunur) göstəricilərindən istifadə olunur.
Bu baxımdan, vergi ödəyicilərinin işini asanlaşdırmaq məqsədilə hazırlanmış kalkulyator müvafiq məlumatları daxil etməklə ödənilməli olan vergi məbləği barədə məlumat əldə etməyə imkanı verir. Artıq hər bir şəxs əmlakın sahəsi və yerləşdiyi ərazi barədə
məlumatları kalkulyatorun müvafiq xanalarına daxil olmaqla vergi məbləğini çox asanlıqla hesablaya bilər. Bundan əlavə, kalkulyatora Bakı şəhərinin zonalar üzrə xəritəsi də əlavə edilmişdir ki, bununla hər bir istifadəçi öz əmlakının yerləşdiyi ünvanın hansı zonaya aid olduğunu müəyyənləşdirir.
Sizin üçün faydalı olan kalkulyatoru Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) «Xəbərlər», «Aktual» bölmələrindən əldə edə bilərsiniz:
http://www.taxes.gov.az/modul.php?name=pages&page=193