Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Belə ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısına daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimələnəcək.
Unikal.org xəbər verir ki, deputat Əflatun Amaşov və deputat Aydın Hüseynov qanun layihəsi barədə müdafiə xarakterli çıxış etdikdən sonra dəyişikliklər qəbul edilib.
Parlamentarilər "Kütləvi İnformasiyalar haqqında qanuna dəyişiklikləri də müzakirə edib. Dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına "informasiya ehtiyatı sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə "Kütləvi informasiya vasitələri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Televiziya və radio yayımı haqqında, "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.
Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunla ilə tənzimlənir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.