Prezident İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfər edib.

Unikal.org-un məlumatına görə, prezident və birinci xanım Mehriban Əliyeva əvvəlcə Heydər Əliyevin Quba şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

12:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat kompleksinin açılışında iştirak ediblər.

Unikal.org-un xəbərinə görə, dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN xidmət sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər "ASAN xidmət mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-ə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq Azərbaycanın "ASAN xidmət modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum "Asan Khedmat təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair "Anlaşma Memorandumu imzalanıb. 2014-cu ildə "ASAN xidmət İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. "ASAN xidmət, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmətə dünyada böyük maraq var.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba "ASAN həyat kompleksi barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional "ASAN həyat kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada "ASAN xidmət Mərkəzi, "ASAN təlim Mərkəzi, "ABAD Mərkəzi, "ABAD Məktəbi yaradılıb.

Dövlət başçısı mərkəzlə tanış olub. Kompleksin "ASAN xidmət Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba "ASAN xidmət Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Dövlət başçısı Quba "ASAN xidmət Mərkəzini işə salıb.

Bildirilib ki, bu günə kimi "ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar "ASAN xidmət avtobusu və səyyar "ASAN qatar vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.

Prezident İlham Əliyevə "Ready 2.0 avadanlığı haqqında məlumat verilib. Bu avadanlıq "ASAN xidmət mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişıq ASC, "Azərsu ASC və "Azəriqaz İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN kommunal xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib.

Bildirildi ki, "ASAN viza 2.0 sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.

Diqqətə çatdırılıb ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.

"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verildi.

Diqqətə çatdırılıb ki, maliyyə xidmətlərinin "one-stop shop prinsipi ilə təqdim edilməsi üçün isə "ASAN finance elektron portalının yaradılması nəzərdə tutulur.

Dövlət başçısına "Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarinda "ASAN həyat komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət mərkəzlərinin layihələri də təqdim olunub.

Qeyd edək ki, "ASAN həyat konsepsiyası "ASAN xidmət Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. "ASAN həyat Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Quba "ASAN həyat Kompleksinin kinoteatrında Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin filmləri də nümayiş etdiriləcək. "ASAN təlim Mərkəzində isə "ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına "ASAN təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin "ABAD Mərkəzində də olulbar.

"ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verib ki, Kompleksdəki "ABAD Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

Sonra dövlət başçısı "ABADçı ailələrin hazırladıqları yeni məhsullara baxıb.

Qeyd edilib ki, "ABAD publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. "ABADa qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində "ABAD sərgi-satış mərkəzləri yaradılıb. Hazırda "ABAD sərgi-satış mərkəzlərində 167 "ABADçı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

"ABAD Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan "ABADçı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba "ASAN həyat Kompleksinin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 1,58 hektar olan Kompleksin ərazisində fəvvarə, avtomobillər və avtobuslar üçün dayanacaq tikilib, park və uşaq oyun meydançası yaradılıb.

Prezident İlham Əliyev Quba "ASAN həyat Kompleksinin əməkdaşları ilə görüşüb.

Kompleksin əməkdaşları Tünzalə Piriyeva və Fəxriyyə Balakişiyeva yaradılan bu şəraitə görə kollektivin adından dövlət başçısına minnətdarlıq etdilər.