"Lotu Quli" - Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə davam edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhəbbət Namazovun vəkilləri çıxış edərək məhkəmədən bəraət tələb edib.

Məhəbbət Namazov son söz deyib: "Məni tanıyanlar, tanıyır. Bilirlər ki, mən narkoman deyiləm. Həmişə də bunun əleyhinə olmuşam. Bəraət tələb edirəm".

Hakimlər kollegiyasının hökmünə əsasən Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Məhəbbət Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqrdarda narkotik) 234.1-ci (satış məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddəyə tövsif edilməsini və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.


Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.


Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.


Məhəbbət Namazov kriminal aləmdə "Maxo Ağstafalı" kimi tanınır.