Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Zaur Quliyev 4 oktyabr 2016-cı il tarixdə, gecə saat 01-də yaşadığı Salyan şəhəri, F.Məlikov küçəsində yerləşən 44 saylı evin birinci mərtəbəsindəki otaqda ailəsi ilə yaşayan qardaşı Məmmədağa Quliyevin arvadı Gülşən Feyziyevanın ərinin Bakı şəhərinə getməsindən istifadə etməklə yataq otağında kənar şəxslə intim əlaqədə olmasından şübhələnib.

Qardaşı arvadını yataqda kişi ilə tutdu

Daha sonra Zaur Quliyev mətbəxdən bıçaq götürərək Gülşən Feyziyevanın olduğu yataq otağına daxil olub. Orada uzaq qohumu Nurlan Xankişiyevin Gülşən Feyziyeva ilə birlikdə intim münasibətdə olduqlarını görüb.

Zaur Quliyev Nurlan Xankişiyevi qəsdən öldürmək məqsədi ilə onun ünvanına nalayiq sözlər işlədib, sonra onun üzərinə hücum edib. O, bıçaqla Nurlan Xankişiyevin döş qəfəsidən zərbə vurub.

Qanlı dava

Nurlan Xankişiyev özünü müdafiə edərək, Zaur Quliyevin bıçaq olan əlindən tutub və özündən kənarlaşdırıb. Sonra Zaur Quliyev evdən qaçmaq istəyib.

Bu zaman Zaur Quliyev arxadan Nurlan Xankişiyevin kürək nahiyəsinə daha iki zərbə vurub. Yaralı olan Nurlan oradan qaçaraq gedib.

Qardaşına verilən xəbər və hədə-qorxu

Daha sonra Zaur Quliyev gecə saatlarında Bakı şəhərində olan qardaşı Məmmədağaya zəng edib və evlərinin yataq otağında arvadı Gülşən Feyziyevanın Nurlanla intim münasibətdə olarkən yaxalaması barədə məlumat verib.

Bu zaman Məmmədağa ona telefonu Gülşən Feyziyevaya verməsini deyib. Həmin vaxt arvadı ilə telefonla danışan Məmmədağa ona dərman qəbul edərək özünü öldürməsini tələb edib. Əks halda Bakı şəhərindən qayıdaraq onu öldürəcəyini bildirib.

İntihar edən arvadını döydü

Sonra Məmmədağa Quliyev xəyanət etdiyinə görə arvadından qisas alaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bu məqsədilə dərhal Bakı şəhərindən yaşadığı Salyan rayonundakı evinə gəlib.

Məmmədağa Quliyev səhər saat 05-də evinə çatıb və arvadının yatdığı yataq otağına daxil olub. O, içdiyi dərmanların təsirindən halsız vəziyyətdə çarpayıda üzü üstə uzanan Gülşən Feyziyevanın bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirib.

İntihar, yoxsa qətl?

Daha sonra Məmmədağa Quliyev huşsuz vəziyyətdə olan arvadının boğazından yapışaraq boğmağa başlayıb. İntihar etmək üçün dərman qəbul edən qadının isə həmin vaxt ona müqavimət göstərmək imkanı olmayıb. O, köməksiz vəziyyətdə olan Gülşən Feyziyevanı boğaraq öldürüb.

Məmmədağa Quliyevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Zaur Quliyevə isə 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İki qardaşın cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Quliyev 16 il, Zaur Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkum qardaşlar apelyasiya şikayəti veriblər. Zaur Quliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Digər təqsirləndirilən Məmmədağa Quliyev isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məmmədağa Quliyevin apelyasiya şikayəti qismən təmin olunub.

Məhkəmə onun barəsində olan cəzanı 15 ilə endirilməsi barədə qərar qəbul edib. Digər təqsirləndirilən Zaur Quliyevin apelyasiya şikayəti təmin olunmayıb.