Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikalorg report-a istinadən xəbər verir ki, hadisə 2002-ci il təvəllüdlü Qəmbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyərkən baş verib.
Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ardınca sözügedən yaşayış massivinin sakinləri yolda piyada keçidinin olmamasına etiraz əlaməti olaraq hadisənin baş verdiyi əraziyə toplaşıblar. Onların tələbi o olub ki, həmin ərazidə yerüstü piyada keçidi tikilsin. Sakinlər Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yoldan kənarlaşdırılıb.
Ölən S.Qəmbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi idi. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.