Bakı şəhər Prokurorluğu şəhid qızını vuraraq öldürən sürücünün həbsdən buraxılması barədə məlumatları təkzib edib.
Bakı şəhər Prokurorluğundan unikal.org-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib: "Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı şəhər prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.
Belə ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.
Bildirilir ki, həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd olunub ki, dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb edilsə də, hazırkı vaxtadək bu tələbə bəzi KİV-in əməl etməməsi təəssüf doğurur.
Xatırladaq ki, məlum yol qəzasında həlak olan Könül Əkbərova şəhid qızıdır. Bəzi KİV-də onun ölümü ilə nəticələnən yol qəzasını törətməkdə şübhəli bilinərək həbs edilən "Jeep Grand Cherokee markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 17 yaşlı Rəhim Rəhimov həbsdən buraxılması barədə məlumatlar yayılıb.