"Euronews telekanalında Bakıda keçirilən "Bakutel-2017 sərgisi ilə bağlı reportaj yayımlanıb.
Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev "Euronewsun müxbirinin sualını cavablandırıb. Unikal.org reportajın xülasəsini təqdim edir.
Reportajda deyilir ki, Azərbaycan beynəlxalq "Bakutel-2017 telekommunikasiya və informasiya texnologiyaları sərgisi virtual və tamamlanmış reallığa həsr olunub. Əsas istiqamətlərdən biri məhsulların yeni tətbiq növlərini axtarmaq üçün bu texnologiyaların birləşdirilməsidir. Belə ki, tamamlanmış reallıq eynəyi həkimlərə plastik cərrahlara əməliyyat zamanı eyni vaxtda həm xəstənin üzünü, həm də arzulanan konturları görməyə imkan verir.
Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev deyib:
-Bu layihənin əsas ideyası pasiyentin virtual və real anatomiyasını görməyə imkan yaratmasıdır. Əməliyyat zamanı eynək taxılır və həkimlər, sözün əsl mənasında, dərinin altındakıları müşahidə edə bilirlər. Onlar üzün sümüklərini, əzələləri, sinirləri və pasiyentin damarlarını görə biləcəklər.
Reportajda qeyd edilir ki, ənənəvi virtual reallıq əsasən oyun sənayesində istifadə olunur. Lakin bu texnologiyalar digər sahələrdə daha çox tətbiq edilir.
"Phobia VRnin sözçüsü Aygün Həsənova bildirib:
-Bir çox ölkələr artıq virtual gerçəklik platformalarından təbabətdə istifadə edirlər. Bizim şirkət xüsusi olaraq təbabət, peşəkar treninqlər, yanğınsöndürmə hissələrinin hazırlığı üçün nəzərdə tutulmuş platformalar hazırlayır.
Reportajda qeyd edilir ki, sərgidə dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edib. Burada ənənəvi olaraq informasiya texnologiyaları sahəsində maraqlı start-up ideyalarla tanış olmaq mümkündür.
"Wandın layihə rəhbəri Elçin Ağazadə qeyd edib:
-Wand sizin kağıza yazdıqlarınızın hamısını smartfonda avtomatik olaraq saxlayan elektron qurğudur. Otuz dəqiqə sonra mürəkkəb kağızdan yox olur, lakin bu müddətdə sizin məlumatlarınız artıq serverdə, yaxud proqram əlavədə tam saxlanılır.
Reportajın müəllifi vurğulayır ki, 2016-cı ildə Dünya Bankının apardığı araşdırmalara görə, Azərbaycan əsasını yanacaq-energetika kompleksi təşkil edən iqtisadiyyatını şaxələndirir. Bunun üçün informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı zəruridir.
Azərbaycan Prezidenti İlham Əliyev "Euronewsun müxbirinin sualını cavablandıraraq deyib:
-İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir.
Reportajda diqqətə çatdırılır ki, Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır