Bakıda dələduzluqda təqsirli bilinən Möhübbət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Möhübbət Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, zərərçəkmişi kollecə direktor vəzifəsinə düzəltdirəcəyi vədini verdiyini deyib: "Bizi Nadir adlı şəxs tanış etmişdi. Sonra Eldar adlı şəxslə bu işi həll edəcəkdik (Nadir və Eldarın kimliyi barədə məhkəmə əlavə məlumat verilməyib - red.). Bu səbəbdən Nizaməddindən aldığım pulu Eldara verdim. Eldar da intihar edərək öldü, iş düzəlmədi. Həmin dövrdə Eldarın bizi aldatdığını bildik.

Təqsirləndirilən şəxs deyib ki, Nizaməddin Məmmədovdan 113 min manat alıb: "İttihamda qeyd edilib ki, 120 min manat məbləğində dələduzluq etmişəm. Bununla razı deyiləm. Ziyandan 31 min manatını isə ödəmişəm. Zərərçəkmişin evinə getdim, pulu orada verdim. Həmin vaxt zərərçəkmiş xəstə idi.

Məhkəmə dekabrın 25-də davam edəcək.

Qeyd edək ki, Möhübbət Əhmədov vətəndaş Nizaməddin Məmmədova qarşı dələduzluq edib. O, Nizaməddin Məmmədovu Mədəni-Maarif Texnikumuna direktor düzəldəcəyini deyib, ondan 120 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu dələduzluq yolu ilə ələ keçirib.