Dekabrın 14-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar həmin ünvana gedən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.