Şirvanda avtomobil qaçıraraq qəza törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, dekabrın 17-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun "VAZ-2106 markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, "VAZ-2107 markalı avtomobillə toqquşması müəyyən edilib.
Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla onun şəhər sakini Səbuhi Həmidov olması, Naxçıvani küçəsində dayanan avtomobilin qapılarının açıq və açarının üzərində olduğunu görüb onu qaçırması və yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında dayanan minik avtomobilinə çırpıldığı müəyyən edilib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.