Ağcabədi rayonunda 5 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 1999-cu il Elmin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elmin Əhmədov cinayəti törədən zaman Ağcabədi şəhəri 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Azyaşlıya əxlaqsız hərəkət

Hadisə 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15-də baş verib. Elmin Əhmədov yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsində evlərinin həyətində qonşuları olan 2012-ci il təvəllüdlü Bəhruz Babayevə (ad və soyad şərtidir - red.) qarşı əxlaqsız hərəkətlər edib.

O, Bəhruz Babayevə fiziki və ya psixi zorakılıq göstərib. Sonra ona qarşı etdiyi əxalqsız hərəkətlərə görə heç kimə bir söz deməməsi barədə hədə-qorxu gəlib.

2 il 6 ay şərti cəza

Buna baxmayaraq Bəhruz Babayev baş verən hadisə ilə bağlı valideynlərinə deyib. Onun valideynləri Elmin Əhmədovun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıblar.

İstintaq orqanı tərəfindən Elmin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Eımin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay müddətinə şərti cəza verilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Elmin Əhmədovun cəzasının ağırlaşdırılmasını tələb edib. Eyni tələblə zərərçəkmişin nümayəndəsi də apelyasiya şikayəti verib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən: "Əməlimdən peşmanam"

Məhkəmədə ifadə verən Elmin Əhmədov əməlindən səmimi peşman olduğunu deyib: "Əməli törətdiyim vaxt və hazırda yetkinlik yaşına çatmamışam. Törətdiyim əmələ görə peşman olmuşam. Buna görə zərərçəkmiş şəxsdən və onun valideynlərindən üzr istəyirəm. Bir daha belə hərəkətlərə yol verməyəcəm".

Elmin Əhmədovun vəkili Raquf Məmmədov bildirib ki, müvəkkili cinayəti törətdiyi vaxt və hazırda yetkinlik yaşına çatmayıb: "O, orta məktəbdə təhsil alır. Müvəkkilim törətdiyi əməlin mahiyyətini belə tam mənada başa düşməyib, hazırda əməlindən səmimi peşman olduğunu bildirib. Biz apelyasiya şikayətinin və apelyasiya protestinin təmin olunmamasını istəyirik".


Zərərçəkmişin nümayəndəsi: "Yüngül maddə ilə məhkəməyə verilib"

Apelyasiya şikayətində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası göstərib ki, məhkəmənin hökmündən narazıdır: "Ona görə ki, məhkəmə təqsirkar şəxs olan Elmin Əhmədovun əməlini düzgün qiymətləndirməyib. Ona yüngül cəza təyin edilib. Elmin Əhmədov əslində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət əməli törədib. Lakin o, yüngül maddə ilə məhkəməyə verilib, məhkəmə isə ona verilmiş maddə ilə hökm çıxarıb".

"Oğluma əxlaqsız hərəkətlər edib"

Nümayəndə qeyd edib ki, Elmin Əhmədov 2017-ci ilin may ayında onun azyaşlı oğlu Bəhruz Babayevi məqsədli şəkildə evin arxasına aparıb: "Orada Elmin Əhmədov oğluma əxlaqsız hərəkətlər edərək, öz cinsi ehtirasını həyata keçirib. O, sonra uşağa hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini deyib. Beləliklə Elmin Əhmədov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə zamanı Elmin özü də törətdiyi əməli etiraf edib. Lakin o, sona kimi düzgün ifadə verməyib, guya yalnız cinsiyyət orqanını oğluma göstərib. Guya oğluma əxlaqsız hərəkətləri təklif edəndə oğlum ağlayıb, bunu görəndən sonra öz fikrindən daşınıb. Lakin oğlum həm istintaq zamanı mütəxəssisin iştirakı ilə, həm məhkəmə zamanı onun iştirakı ilə dindirilərkən Elmin Əhmədovun əxlaqsız hərəkətlər etməsini bildirib. Elmin Əhmədovun barəsində olan hökmün dəyişdirilməsini, ona ən ağır cəzanın verilməsini istəyirik".

Prokuror: "Məhkəmə yüngül cəza təyin edib"

Hökmdən narazı qalan prokuror Zəfər Ramazanov deyib ki, Elmin Əhmədov 4-5 yaşlarında olan zərərçəkmişə bilə-bilə cinsi ehtirasını təmin etmək məqsədilə cinsiyyət orqanını göstərib və əxlaqsız hərəkətləri ilə cinayət törədib: "Elmin Əhmədova məhkəmə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin edib. Elmin Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyektini şəxsiyyətin cinsi toxunulmazlığı, təqsirin forması - cinayətin birbaşa qəsdlə törədilməsi, cinayət əməlinin - az ağır cinayətlər kateqoriyasına aid olması, onun həmin əməli birbaşa qəsdlə törədilməsi, ictimai təhlükəli xarakteri isə 14 yaşına çatmamış şəxsə qarşı törədilməsidir. Həmçinin, cinayətin ictimai təhlükəliliyini artıran hal həmin əməlin 14 yaşına çatmamış zərərçəkmiş şəxsin fiziki və psixoloci inkişafına ciddi zərər vurmasıdır".

Təcavüz edənin həbs tələbi

Prokurorun sözlərinə görə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini, o cümlədən cəza təyini zamanı faktiki olaraq həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayıb: "Elmin Əhmədovun təyin etdiyi cəzanı şərti tətbiq edilib. Bu da onun islah olunması üçün yetərli sayıla bilməməklə yanaşı, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz".

Məhkəmə həbs etmədi

Prokuror çıxışının sonunda Elmin Əhmədovun barəsində hökümün ləğv edilməsini, onun cəzasının ağırlaşdırılmasını tələb edib.

Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorluğun protesti, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./Publika.az