"Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
Unikal.org-un məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub: "Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndilirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür".
"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir".
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".
"Ermınistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".