"Azərbaycanın ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimin tanınması ilə bağlı qərarının əleyhinə çıxmasının gələcəkdə İsraillə münasibətlərdə problemlərə səbəb olacağını deyənlər, əslində isə bunu istəyənlər məqsədlərinə çatmayacaqlar".
Unikal.org xəbər verir ki, bunu Milli.Az-a Milli Məclisin üzvü, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu Asim Mollazadə ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı müvafiq qərarından sonra yaranmış vəziyyəti və Azərbaycanın bu məsələdəki mövqeyini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq və normalara əsaslanır: "Azərbaycan Qüds məsələsində beynəlxalq hüquqa əsaslanıb və bununla bağı mövqeyi BMT Baş Assambleyasının üzvlərinin əksəriyyəti ilə üst-üstə düşür. Azərbaycan Orta Şərqdə sülhün bərqərar olunmasında maraqlıdır və bunun üçün BMT TŞ-nin qərarlarının icrasını istəyir. Çünki Azərbaycan özü də bu cür vəziyyətdən əziyyət çəkən ölkələrdən biridir. Hamı bilir ki, BMT TŞ-nin Ermənistan ordusunun işğal etdiyi Azərbaycanın torpaqlarından çıxarılması ilə bağlı qərarları icra olunmur. Məhz ona görə də Azərbaycan bu və buna bənzər digər - məsələn, Gürcüstan, Ukrayna ilə bağlı məsələlərdə, münaqişələrdə hər zaman beynəlxalq hüquq normalarına əsaslanan mövqe nümayiş etdirib".
Millət vəkili hesab edir ki, Azərbaycanın Qüdslə bağlı mövqeyi onunla çox yaxın tərəfdaş olan İsraillə münasibətlərə xələl gətirməyəcək: "İsrailin yaxın tərəfdaş olmasına, eləcə də ABŞ prezidentinin təhdidlərinə baxmayaraq, Azərbaycanın belə qətiyyətli mövqe nümayiş etdirməsi göstərir ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən, Qüdslə bağlı müstəqil xarici siyasət yürüdür. Özü də bu siyasəti, eləcə də hər hansı ikinci dövlətlə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib və bu məqsədlə istifadə oluna da bilməz. Sual olunur ki, Azərbaycanın Qüdslə bağlı qərarı onunla bir sıra məsələlərdə tərəfdaş və müsbət münasibətlərdə olan İsraillə münasibətlərə xələl gətirə bilərmi? Əminəm ki, yox! Çünki İsraillə tərəfdaş olan bir sıra digər dövlətlərin də mövqeyi Azərbaycanla üst-üstə düşür. Ona görə də bu istiqamətdə hansısa problemlərin yaranacağını düşünmürəm. Bu baxımdan bu məsələdən istifadə edərək onun süni şəkildə şişirdilməsini düzgün hesab etmirəm".
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) birtərəfli qaydada İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə müvafiq sənəd imzalaması bütün dünyada etiraz dalğası ilə qarşılandı. ABŞ prezidentinin bu qərarı onun hətta öz ən yaxın müttəfiqləri tərəfindən də dəstəklənmədi.