Ermənistan tərəfi danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir.

Unikal.org Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir: "Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb".

Onun sözlərinə görə, buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir:

"Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bunun üçün əlindən gələni edir.

Prezidentin köməkçisi bildirib ki, beynəlxalq hüquq prinsiplərinə əməl edilmədiyi halda dünyada sabitlikdən, inkişafdan danışmaq olmaz: "Ədalət prinsipinə riayət etmək lazımdır. O zaman dünyada sabitlik, təhlükəsizlik bərqərar olar, daha güclü inkişaf gedər.

N.Məmmədov bildirib ki, bu gün dünyada çatışmayan bir şey var - ədalət, beynəlxalq hüquq bir tərəfə atılıb: "Belə olan halda böyük müharibə təhlükəsi daha da yaxınlaşır. Gərək bu dövlətlərin rəhbərləri, ictimaiyyəti daha həssas olsunlar və ədalət prinsipindən uzaq olmasınlar".

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərarını şərh edən PA rəsmisi vurğulayıb:

"Avropa İttifaqı gözləməli idi ki, Avropada separatizmlə bağlı hadisələr baş verəndən sonra belə qərar qəbul etsin?! Bunu çoxdan etmək lazım idi. Yoxsa "hər hansı bir Avropa ölkəsində separatizm baş qaldırıbsa, gəlin, bununla bağlı qərar verək prinsipi düzgün deyil. Dağlıq Qarabağ münaqişəsi SSRİ dağılandan sonra yaranan ilk münaqişələrdən biri idi və əgər bu münaqişə ilə bağlı vaxtında konkret və ədalətli mövqe olsaydı, bu problem həllini tapsaydı, digər münaqişələr olmazdı. Bütün dünya görəcəydi ki, beynəlxalq hüquqdan kənara çıxıb bir addım atacaqsansa, bunun perspektivi yoxdur. Amma görürlər ki, bir münaqişə var və illərlə uzanır, həllini tapmır və belə olan halda münaqişələrin sayı artır".

Ümumilikdə 2017-ci ilin Azərbaycan üçün ən uğurlu illərdən biri olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək böyük əhəmiyyət daşıyır:

"Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu, Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".